Tədbirlər

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiya iclası keçirilmişdir- Fotolar

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Dekabrın 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və digər məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilmişdir.


İclas iştirakçıları əvvəlcə Baş Prokurorluğun binasının foyesində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Kollegiya iclasında çıxış edən Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin uzun illər ərzində davam edən münaqişəyə son qoyaraq ölkəmizin regional liderliyini birmənalı təsbit etməklə yeni geosiyasi reallıqlar yaratdığını vurğulamışdır.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyi, şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır.
Kollegiya iclasında ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla son günlərdə ölkədə sağalanların sayının artması ilə yanaşı vaksinasiyanın uğurla aparılması nəticəsində əhalimizin çox hissəsinin peyvənd olunduğunu bildirilmiş, COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilmişdir.
Ötən Kollegiya iclasından keçən müddətdə bir çox ölkələrin Baş prokurorlarının rəhbərlik etdikləri nümayəndə heyətlərinin, beynəlxalq təşkilat və qurumların rəhbərlərinin ölkəmizə işgüzar səfərlərinin önəmi barədə iclas iştirakçılarına məlumat verilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Baş Prokurorluq üzrə yaradılmış İşçi qrup tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə dair Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Normativ hüquqi aktların rəsmi şərhinin verilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilən sorğuların və qanunvericilik təşəbbüsü qaydasında hazırlanan qanun layihələri ilə bağlı Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə cinayət və cinayət-prosessual hüquq normalarının tətbiqi vəziyyətinin ümumiləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilən sorğularla bağlı Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, “Prokurorluq orqanlarının sosial media siyasəti haqqında” Təlimatın layihəsi ilə bağlı Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi və həmçinin Prokurorluğa qulluğa qəbul barədə 31 may 2021-ci il tarixdə elan olunmuş müsabiqə üzrə müəyyən edilmiş yerlərin sayının artırılması ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış etmişlər.
Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirmişlər.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir