Tədbirlər

Nəsimi rayon İcra Hakimiyyətində “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.

Sharing is caring!

Nəsimi rayon İcra Hakimiyyətində “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.

XəbərAl.az-a verilən məlumata görə, Aprel ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi rayonu Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər.Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir.

Asif Əsgərov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində mühüm işlər görürlər. Heydər Əliyev Fondu bununla bağlı mühüm layihələr həyata keçirib.

Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətimizin ən mühüm vəzifəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan ulu Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Tarixə nəzər salsaq görərik ki, xalqımızın yaşaması, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailə dəyərlərimizin qorunması üçün hüquqi bazamız mövcuddur. O, gənclər arasında milli-mənəvi və ailə dəyərlərimizin qorunması ilə bağlı təbliğat işinin daha da gücləndirilməsinin önəmini qeyd edib. Əlavə edib ki, Dövlət Komitəsi Azərbaycanın müxtəlif bölgələrində bu mövzuda tədbirlər keçirir.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. O, Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə ailə dəyərlərinin möhkəm

olması özünü Aprel döyüşlərində də göstərdi. Vətən uğrunda şəhid və qazi olan Azərbaycan oğulları analarımızın yetişdirdikləri qəhrəman övladlardır.

Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, milli-mənəvi dəyərlərimiz təbliğat yolu ilə gənclərimizə aşılanmalıdır və bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. KİV-lər nümunəvi Azərbaycan ailələrindən yazılar yazmalı, reportajlar yaymalıdırlar. Bu, gənclərimizin milli ruhda tərbiyəsinə də təsir edər. Ailələrlə, analarla bağlı məxsusi günlər təyin olunmalıdır. Bu cəmiyyətdə ailə dəyərlərinin önəmli yerə malik olduğunu təsdiqləyər.

Mövzu ilə bağlı çıxış edən QHT nümayəndələri, fəal qadınlar dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyətindən danışıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir