Tədbirlər

Azərbaycanlı şagirdlər beynəlxalq tədbirdə qalib oldu

Sharing is caring!

Azərbaycanlı şagirdlər “Microsoft” tərəfindən keçirilən “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda qalib seçiliblər.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

28-29 noyabr tarixlərində “Microsoft” şirkəti tərəfindən həyata keçirilən tədbirdə Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlər iştirak ediblər. Ölkəmizi tədbirdə Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə beş nəfərlik komanda – Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli,  Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, Zəkalar liseyindən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər.

Tədbirdə ikinci yer tutan komandamız öz təqdimatlarında brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif ediblər. Belə ki, onlar brakonyerlik edilən ərazilərində silahlanmış şəxsləri təyin edə biləcək və süni intellekt dəstəkli kamera sisteminin quraşdırılmasını təklif ediblər. Təklif edilən layihəyə əsasən potensial bir cinayətkar aşkar edildiyi zaman yaxınlıqdakı dinamiklər işə düşərək, heyvanları qorxudub həmin ərazidən uzaqlaşdıracaq və ən yaxın meşə gözətçisini təhlükə barədə xəbərdar edəcək. Komanda, eyni zamanda, cinayətkarların davranışları əsasında brakonyerlik haqqında məlumatların toplanması və təhlili üçün süni intellektdən istifadə etməyi təklif edib.

Komandanın sözügedən layihə ilə “2021 Imagine Cup Junior Global Competition”-da iştirak etmələri gözlənilir. “2021 Imagine Cup Junior Global Competition” barədə ətraflı məlumat əldə etmək və yarışmada iştirak etmək istəyən bütün şagird və tələbələr keçiddən (https://imaginecup.microsoft.com/en-us/junior) istifadə edə bilərlər.

Qeyd edək ki, tədbirin məqsədi şagirdləri elmə və texnologiyaya həvəsləndirmək, “Microsoft” şirkətinin peşəkar “Data Science” alətlərindən istifadə etməklə onlarda süni intellekt barədə praktik biliklər formalaşdırmaq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir