Şou-Biznes

“Bu nədir belə? Operativ Qərargah nə düşünür?“ – Xuraman “od püskürdü“

Sharing is caring!

Sirr deyil ki, müğənnilərin əsas qazanc yeri toylardır. Azərbaycanlı şou əhlinin çörəyi necə deyərlər, toydan çıxır. Artıq bir ilə yaxındır ki, toy bazarında hamı işsizdir.

Fevralın 1-dən karantin rejimi bir qədər yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı.

Bu isə əsas gəliri toy məclislərindən olan sənət adamlarının etirazına səbəb olub.

XəbərAl.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı hələ toylarla bağlı təklifin gəlmədiyini bildirib. Müğənni hətta aldığı behləri də qaytarmalı olub:

“Heç bir dəvət olmayıb. Sadəcə zəng edib qiymətlə maraqlananlar var. Hətta beh verən bəy-gəlinlər var ki, artıq toysuz nikaha giriblər. Onlar da behlərini geri istəyiblər. Deyirlər ki, bu iş alınmadı, ehtiyac olmadı.

Hazırda hədsiz dərəcədə işsizlikdir və bu hal hər kəsdə aqressiya yaradıb. Hamı deyir ki, avtobuslar basabasdır, marketlərdə kassaların qabağı doludur. Bir tərəfdən başa düşürəm, onları da bağlasalar camaat nə edər? Amma düşünürəm ki, qaydalara əməl etməklə toylara da icazə vermək olar. Səhər həmkarım Xatirə İslam yaxşı bir post paylaşmıdı: “Ancaq bəy-gəlin koronavirus tutur”.

Müğənni toylara icazə verilməsini tələb edən edən sənət adamlarının tənqid edilməsini sərt şəkildə qınayıb:

 “Bəzən müğənnilər bunu deyəndə başlayırlar onları tənqid atəşinə tutmağa ki, təkcə özünü düşünür. Xeyr, müğənni bir nəfər özüdürsə, arxasında 20 nəfər özü ilə məclislərə gedən işçisi var. Şadlıq saraylarının 50-80 ofisiantı var, qabyuyanı, xadiməsi və s. var. Toylara icazə verilsə, onlar da işləyəcəklər. Niyə bu insanlar bizə qarşı belə aqressivdirlər? Bir söz deyən kimi yazırlar ki, “Kaş elə siz acından öləsiniz”. Kim müğənniyə gətirib havayı pul verib ki? Əziyyət çəkməsək o pulu qazanmırıq. Baxın, bir ildir oturmuşuq evdə kimsə gətirib cibimizə 1 manat qoyubmu? Müğənni oxuyur, halal qonorarını alır. Biz əziyyət çəkirik, bütün müğənnilər toylarda səsgücləndiricinin səsindən nevrozdur, hamısının əsəb gərginliyi var. Adi insan bir gün toya gedəndə 3 gün, 1 həftə o səs-küydən özünə gələ bilmir. Amma biz o səsgücləndiricinin qabağında hər gün oxuyuruq. Bunlar əsəbləri gərginləşdirir, səhhətimizdə problem yaranır. Biz toya evdən gedib şadlıq sarayının içində oturub pul qazanmırıq ki. O boyda məclisi idarə edirik, camaat xidmət edirik, oxuyuruq-oynayırıq, yeri gələndə hansısa düşüncəsiz adamın sözünü də götürürük, yola veririk ki, toy yiyəsinin məclisinə qanqaraçılıq salmayaq”.

X.Şuşalı şadlıq saraylarının açılmasının tərəfdarı olduğunu deyib:

“Toylar başlasa, hamı pul qazanaq, gənc cütlüklər ailə quracaq, övladlar dünyaya gələcək. Bu nədir belə? Operativ Qərargah nə düşünür? Camaat illərlə qızını böyüdür ki, gəlinlikdə, duvaqda görsün, o qədər qohumun, yaxının toyuna gedir. Qohum-əqrəba da xoş günündə gəlib ona dəstək olur. Toysuz-bayramsız insanın həyatı nədir axı? Toylar olmasa oğullar necə dünyaya gələcək? Vətən müharibəsində 3000-ə yaxın oğul itirdik. Bu günün səhəri də var axı. İnanın bizi o qədər həvəsdən salıblar ki, işimizin dalınca getmək istəmirik, hər şeydən soyumuşuq. Başa düşürəm, bütün dünyada bu virus var, amma Moskvada, digər ölkələrdə toylar var. Bizdə də başlasın. Vallah, marketlərdə, avtobuslarda xəstəlik daha çox yayılır. Həm də Allahın izni olmadan bir yarpaq belə ağacdan düşə bilməz. Əgər insanın taleyində koronavirusdan ölmək varsa, öləcək. Hər kəs tədbirini görəndən sonra nə olacaq? Necə ki, şəhərdə, kafe-restoranlarda hamı tədbirini görür, eləcə də toyda görəcəklər. Qoy 800 nəfərlik zalda 200 nəfər olsun, ara məsafəsi qorunsun, heç olmasa belə icazə versinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir