Şou-Biznes

41 yaşında tələbə oldu, ömrünü sənəti üçün şam kimi əritdi – Unudulan məşhurlar

Sharing is caring!

Lent.az "Unudulan məşhurlar" rubrikasında Xalq artisti, xanəndə Şahnaz Haşımova haqqında məlumatları təqdim edir.

Şahnaz Haşımova 1957-ci ildə Gəncə şəhərində anadan olub. Şahnaz xanım müsahibələrində mühəndis işləyən atasının sazda ifa edib, şeirlər yazdığını deyib. Ailədə özündən başqa 7 bacı-qardaşı olub.

Gənc Şahnazın altı yaşından bəri musiqiyə həvəsi olduğuna görə, o, 1975-ci ildə Gəncə Musiqi Kollecinin muğam şöbəsində təhsil alıb. Bundan əlavə, Şahnaz Haşımova 41 yaşında Dağıstan Dövlət İdarə Etmə və Biznes Universitetinin Hüquq fakültəsinə daxil olub.

14 yaşında ikən o, bədii özfəaliyyət kollektivlərinin solisti, "Oxu, tar" festivalının iştirakçısı olub. 1977-ci ildən indiyədək "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. Bundan başqa, o, Gəncə Musiqi Kollecində xanəndə müəllimidir. Müxtəlif vaxtlarda "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının və Gəncə Dövlət Filarmoniyasının direktoru, Gəncə Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyasının sədri vəzifələrində çalışıb.

O, milli mahnılarımızla yanaşı, türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnılarını da məharətlə ifa edib. Şahnaz Haşımovanın repertuarında ən çox bəyənilən ifalardan biri də "Kəsmə" şikəstədir. Təbii ki, bu şikəstəni bir çox xanım xanəndələrimiz oxuyub. Ancaq məhz Şahnaz xanım "Kəsmə" şikəstəyə özünəməxsus nəfəs verib. O, müsahibələrinin birində “Bütün həyatımı sənətimə görə şam kimi əritmişəm”, – deyib. O, məhz çalışdığı nüfuzlu vəzifələrdən səhhətinə görə uzaqlaşdığını etiraf edib.

Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, 1989-cu ildə "Azərbaycan SSR-in Əməkdar artisti" fəxri adına, 2000-ci ildə isə "Azərbaycanın Xalq artisti" fəxri adlarına layiq görülüb. Azərbaycanın hüdudlarından kənarda ölkəni təmsil edən, qastrol və səfərlərə çıxan Şahnaz Haşımova xarici məşhurlarla dostluq əlaqələri qurub.

Şahnaz Haşımova Əməkdar artist, kamança ifaçısı Eldar Abdullayevlə 16 yaşında ailə qurur. Onların iki oğul övladı, altı nəvələri var. Bacısı Aybəniz Haşımova onun haqqında danışarkən “Şahnaz xanım səhnədə olanda mən heç doğulmamışdım”, – deyib. Hətta Şahnaz xanım müsahibələrində deyir ki, Aybəniz xanımın sənətə gəlməyini istəmirdi. Çünki özü bu sənətdə hər əziyyəti çəkdiyini etiraf edirdi. Bir maraqlı fakt: Bu bacıların arasında hələ heç vaxt küsülülük, inciklik barədə xəbər yayılmayıb.

Lent.az saytı olaraq Şahnaz xanımın səhhəti ilə bağlı maraqlanmaq istədik. Özü ilə danışmaq istəsək də, təəssüf ki, bu baş tutmadı. Ancaq bacısı Aybəniz xanım hazırda vəziyyətinin yaxşı olduğunu dedi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir