Şou-Biznes

“Toppuş bacı”nın dostları: “Onun böyük qorxusu var idi”

Sharing is caring!

Dünən uzun sürən xəstəlikdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ölüm xəbəri çoxlarını sarsıtdı. Yaratdığı səhnəciklər, obrazlar ondan geriyə qalanlardır. 

Lent.az xəbər verir ki, bu gün aktrisanın sənət yoldaşları, yaxınları və tanınmış simalar onu son mənzilə yola saldılar. 

Müğənni Nadir Qafarzadə dərin kədərlə sənət dostu ilə bağlı xatirələrini bölüşdü:

“Çox ağırdır. Xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq, onu daim enerjili, pozitiv görürdük. Tamaşaçılarını güldürməyə çalışırdı. İnsanları güldürən və dərdini, problemini içində yaşayan Tünzalə… Nə qədər pozitiv olsa da, hər zaman içindəki dərdlə yaşayırdı.  Əlacsız idi, çox əlacsız. Onun böyük qorxusu övladının tək qalması idi. Düzdür, atası da yanındadır. Ancaq deyirlər “insan atadan yetim qalmır, anadan yetim qalır”. Qızının anaya ehtiyacı olduğu, qucağına sığındığı vaxtda Tünzalə onu qoyub getdi. Tünzalədən çox, qızının taleyi mənə çox təsir edir. Heç vaxt düşünməzdim ki, Tünzalənin dəfninə gələcəyəm.  Atasını gördüm, çox pis oldum. İnsan valideyninin çiynində gedər, ancaq bu gün o, Tünzaləni son mənzilə yola saldı. Gəlin, sağ ikən bir-birimizin qədrini bilək. Ələlxüsus da, sənət adamlarına aiddir. Həmişə sənət adamlarını qınayıblar, tənqid ediblər. Tünzaləni də bir zamanlar qınayıblar. O, əlacsız qalmasaydı, kiməsə əl açmazdı. Yeri nurla dolsun”.

Aktrisa Vəfa Zeynalova da Əməkdar artist Tünzalə Əliyevanı son mənzilə yola salanlar arasında idi. Hisslərini ifadə etməkdə çətinlik çəkən aktrisa bildirdi ki, rəhmətlik qardaşı ilə onun dərdi bir idi:

“Heyf Tünzalədən… Yaşamaq istəyirdi. Son günlər telefonla çox danışırdıq. Deyirdi ki, çox ağrılarım var və məni yalnız sən yaxşı başa düşə bilərsən. Rəhmətlik qardaşımla onun dərdi bir idi. Deyirdi ki, bilirsənmi bu xəstəliyə görə mən nələr çəkirəm? Nə qədər dözsün bu ağrılara? Yazıq qız. Hər dəfə sənət dostlarımdan kimisə itirəndə özümə gələ bilmirəm”.

Müğənni Manaf Ağayev də aktrisa ilə son dəfə vidalaşmağa gələnlərdən idi. O, Tünzalə xanımla bağlı fikirlərini Lent.az-a danışdı:

“Tünzalə ilə universitetdə bir yerdə oxumuşuq. O vaxtdan bəri xasiyyətinə bələdəm. Sənətindən əlavə, gözəl insan idi. Namuslu, qeyrətli xanım idi. Son dəfə 1-2 ay əvvəl onunla danışanda dedim ki, Tünzalə, bu xəstəlik də keçəcək, sağalacaqsan. Mənə dedi ki, heç nədən qorxmuram, bircə övladımdan başqa. Doğrudan da, ölümdən qorxmurdu. Övladını deyə-deyə getdi. Çox narahat qalırdı ondan. Allah ona gözəl bəxt versin. Mən bilən qızının xəbəri yoxdur anasının ölümündən. Tünzalə axıra qədər qızını düşündü. Yəqin ki, istəmirlər bilsin. Allah Tünzalə xanımın ruhunu şad eləsin”.

Mərhum aktrisa Tünzalə Əliyevanın ölümündən qızının xəbərsiz olduğunu dəqiqləşdirdik. Aktrisanın bacısı Təranə Əliyeva jurnalistlərə açıqlamasında dedi ki, qızı anasının ölümündən hələ də xəbərsizdir:

“Qızı həmişə deyirdi ki, Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik. Tünzalə yaşamaq istəyirdi, bizə söz vermişdi. Getdi. Bizi də tək qoydu”. 

Ən təsirli mənzərə isə həyat yoldaşı Royal Babayevin Tünzalə xanımın cənazəsi üzərində onunla son dəfə danışmağı idi. Mərhumun həyat yoldaşı ilə danışmağa çalışsaq da, o, müsahibə verməkdən imtina etdi. 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir