Siyasət

Britaniyanın üçüncü “dəmir ledi”si: Krallıq yeni siyasətini onunla davam etdirəcək – ŞƏRH + FOTO

Sharing is caring!

Böyük Britaniyanın tarixində üçüncü dəfə qadın baş nazir oldu. 47 yaşlı Liz Trass krallığın 78-ci hökumət başçısı seçilib. Meri Elizabet Trass 1975-ci il iyulun 15-də Oksfordda anadan olub. O, xarici ticarət, ətraf mühit, ərzaq və kənd təsərrüfatı, xarici işlər naziri vəzifələrində çalışıb. Liz Trass ölkəsinin tarixində ədliyyə naziri və ilk qadın lord-kansler olub.

Son illər Böyük Britaniya çox ciddi siyasi hadisələrdən keçib. Şotlandiyada keçirilən referendum, krallığın Avropa İttifaqından çıxması kimi hadisələri buna aid etmək olar. Bu hadisələr Mühafizəkarlar Partiyasının hökumətə başçılıq etdiyi dövrə təsadüf edir. Odur ki, olaylar hökumət böhranı və baş nazirlərin istefası ilə də müşayiət olunub. Həmin illərdə – 2016-cı il iyul 13-dən 2019-cu il iyulun 24-dək krallıqda hökumətə Tereza Mey başçılıq edib. O, siyasi gərginliklər fonunda istefa verib. Boris Conson isə 2019-cu il iyulun 24-dən sentyabrın 5-dək 77-ci hökumətə başçılıq edib. Onun hökumətə başçılığı daha gərgin keçib. Bu vəziyyəti Rusiyanın Ukraynada başladığı müharibəni daha da ağırlaşdırıb. Conson Britaniya tarixində yaranmış vəziyyətlərin hamısından uğurla çıxan çox az hökumət başçılarındandır. Ona qarşı irəli sürülən ittihamlar da elə əsaslı sayılmır. Baş nazirə qarşı irəli sürülən iradlar birbaşa partiyanın fəaliyyəti və ya kursu ilə əlaqəli deyil. Şikayətlər əsasən onun fərdi və rəhbərlik xüsusiyyətləri, Ukraynadakı müharibə ilə əlaqədar krallıqda inflyasiyanın yüksəlməsi, qiymətlərinin bahalaşmasıdır. O, bütün bunlara baxmayaraq, partiyadaşlarının istefa tələbinə əməl edib. İndi Böyük Britaniyanı mövcud gərginlikdən çıxarmaq xanım siyasətçinin payına düşüb. Məhz 1979-cu il mayın 4-də Marqaret Tetçer krallığın 71-ci və ilk qadın baş naziri olmaqla tarixə “dəmir ledi” kimi düşdü. Xüsusilə müxalifətdə olduğu dövrdə keçmiş SSRİ-ni tənqid edən Tetçer kommuninst rejiminin çökməsi prosesində fəal iştirak etdi.

Britaniyanın 76-cı baş naziri Tereza Mey də ölkəsinin taleyüklü məsələsi ilə bağlı sınaqdan uğurlu çıxmış sayılır. İndi növbə Liz Trassındır. O, 78-ci və üçüncü xanım baş nazir kimi krallığın siyasi kursunu davam etdirə biləcəkmi? Heç şübhəsiz, ilk növbədə, Böyük Britaniyanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe daha çox diqqəti çəkir. Bu məsələdə rəsmi London krallığın mövqeyinin təmsilçisidir. Odur ki, Liz Trass Ukrayna və dövlət maraqlarına dair başqa məsələlərdə, o cümlədən İrana münasibətdə Böyük Britaniyanın dövlət maraqlarını həyata keçirəcək. Xatırladaq ki, Liz Trass bu ilin aprelində xarici işlər naziri kimi Londonda ölkəsinin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə malik çıxış edib. Bu, sanki indi baş nazir seçilən Elizabetin proqram çıxışı idi. O, Ukraynadakı müharibədən, Çində, dünyada baş verən bütün əsas hadisələrə münasibət bildirmişdi.

Həmin çıxışdan bəzi örnəkləri misal çəkək: “Ukraynadakı müharibə bizim müharibəmizdir”. O, bu ifadə ilə Böyük Britaniyanın Ukraynadakı müharibədə tutduğu mövqeyi açıqlayıb:

“Bir məsələyə aydınlıq gətirək: Putin uğur qazanarsa, Avropada daha çox səfalət və bütün dünyada dəhşətli fəsadlar olacaq. Bir daha heç vaxt təhlükəsiz hiss edə bilməyəcəyik. Beləliklə, biz uzun yola hazır olmalıyıq. Biz Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz də böhranda göstərilən birliyə sonacan əməl etməliyik”. Liz Çinin dünyanın oyun qaydalarından yayınmaq cəhdlərindən bəhs edərək demişdi: “Üç il əvvəl Vladimir Putin (Rusiya Prezidenti – red.) bildirmişdi ki, Qərb liberalizmi ölüb. Ötən il Sədr Si (Çin lideri Si Cinpin – red.) Qərbin tənəzzülə uğradığını iddia edib… Çin keçilməz sədd deyil. Əslində, biz Çinin yüksəlişinin qaçılmaz olduğunu söyləməklə onların əvəzinə iş görmüş oluruq və onların yüksəlişi qaçılmaz deyil. Qaydalara uyğun oynamasalar, böyüməyə davam etməyəcəklər”.

Marqaret Tetçer SSRİ-yə qarşı mübarizə apardığı kimi, Liz Trass da Rusiya hakimiyyətinə qarşı barışmaz mövqe otraya qoyur:

“Sovet İttifaqı BMT-də veto hüququndan mütəmadi olaraq istifadə etdi, ancaq törətdikləri bütün pisliklərə baxmayaraq, hətta onlar belə dünya səhnəsində özlərini bir qədər rasional apardılar… Onlar Raket Əleyhinə Müdafiə Müqaviləsində olduğu kimi, strateji sabitlik üçün risk gördükləri zaman sövdələşmələrə sadiq qala bilirdilər. 60 il əvvəl Kuba ilə bağlı raket böhranı zamanı qarşıdurma baş verdikdə gərginliyi azalda bilirdilər. Bu amillərin heç biri Putinə aid deyil. Bütün bunlar da dünya iqtisadiyyatının Rusiya üçün heç vaxt açıq olmadığı bir dövrə təsadüf edir”.

Bu çıxış Böyük Britaniyanın dünya siyasətində yürüdəcəyi yeni siyasətinin konturları da sayıla bilər.

Beləliklə, krallıq yeni xarici siyasətini Liz Trassla həyata keçirəcək. Görəsən o, Marqaret Tetçerin SSRİ-yə qarşı oynadığı rolu Rusiyaya qarşı oynaya biləcəkmi? Hər halda keçmiş SSRİ Rusiyadan, Böyük Britaniya isə o vaxtkı krallıqdan daha güclüdür. Ona görə də ehtimal etmək olar ki, Böyük Britaniya tarixinə dünya siyasətində diktatorluq edənlərə qarşı mübarizəyə üçüncü “dəmir ledi” başçılıq edəcək…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir