Siyasət

Kaspi: İki ölkə yeni cəbhədə Rusiyaya qarşı birləşir? – TƏHLİL + FOTO

Sharing is caring!

Proseslərin gedişi onu deməyə əsas verir ki, yaxın vaxtlarda Dnestryanı bölgədə vəziyyət gərginləşə bilər. Bir qrup moldovalı siyasətçi ABŞ-dan Rusiyadan müdafiə və Rumıniya ilə birləşmə yolunda kömək istəyib. Ölkə prezidenti Maya Sandu əhalinin əksəriyyəti tərəfindən dəstəklənəcəyi təqdirdə birləşmə ssenarisinin mümkünlüyünü bəyan edib. 

Moldovada siyasi böhran kulminasiya nöqtəsinə yaxınlaşır. Ukraynadakı hərbi əməliyyatlar fonunda Moldova ordusunu fəal şəkildə yenidən təchiz edir, hətta separatçı Dnestryanı respublikada hərbi münaqişə yaranarsa, Rumıniyadan hərbi yardım almaq niyyətini açıqlayır. Qondarma Dnestryanı bölgə də cavabsız qalmır, Kişinyovla əlaqələri kəsmək və Rusiyanın bir hissəsi olmaq planlarını getdikcə daha çox bəyan edir. Moldova daxilində də vəziyyət sabit deyil – ölkənin qaz anbarları boşalıb, görünməmiş quraqlıq səbəbindən məhsul qıtlığı yaranıb, cəmiyyət ruspərəstlər və qərbpərəstlər cəbhəsinə parçalanıb. Hakimiyyət Rusiyadan dönə-dönə Dnestryanıdan sülhməramlılarını geri çəkməyi tələb etsə də, qarşı tərəfdən reaksiya yoxdur. Əksinə, Rusiyanın bölgəyə müdaxiləsi barədə söhbətlər geniş yayılır. Rusiya mediası Moldovanın atdığı addımların ona ciddi təhlükə yaratdığını iddia edir. Proseslərin gedişi onu deməyə əsas verir ki, yaxın vaxtlarda Dnestryanı bölgədə vəziyyət gərginləşə bilər. Bəs görəsən, Moldova bu qarşıdurmada nə qədər irəli getməyə hazırdır və gözlənilən böhran Rusiya üçün nə qədər təhlükəlidir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Moldova Qərblə əməkdaşlığı genişləndirir 

Rusiya Ukraynada hərbi əməliyyatı başlayandan bəri demək olar ki, hər gün gərginliyin digər regionlara da sıçraması ilə bağlı müzakirələr gedir. Moldova hakimiyyəti də ilk günlərdən öz mövqelərinin zəifliyini anlayaraq dərhal həyəcan təbili çalıb. Qərblə əməkdaşlığı genişləndirir, avrointeqrasiya fəaliyyətini gücləndirir. Gərginliyə də əsas var. Dnestryanı bölgənin nəzarətsiz əraziləri təxribatlar üçün ideal məkana çevrilib. “Biz narahatıq və müxtəlif, o cümlədən ən pessimist ssenarilərə hazırıq. Rusiyanın Moldovaya hücum etməyə çalışdığı bir vəziyyətdə Rumıniyadan kömək istəməyimiz təbiidir”, – deyə Prezident Maya Sandu bəyan edib. Prezidentin bu bəyanatı verməsinə səbəb odur ki, bir neçə ay əvvəl tanınmamış Dnestryanı bölgədə terror hücumları yaşanıb. Əvvəlcə naməlum şəxslər Tiraspolda qondarma qurumun Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) binasını qumbaraatanlardan atəşə tutub, sonra Rusiya radiosunu yayımlayan rabitə qüllələri partladılıb, Parkanıdakı hərbi hissəyə havadan hücum edilib. Hadisələri araşdırmaq cəhdləri heç bir nəticə verməyib. Moldova məsuliyyəti bölgə daxilində döyüşən tərəflərin, Dnestryanı bölgə isə bəzi xarici qüvvələrin üzərinə atıb.

47 milyon dollarlıq hərbi yardım

Bir neçə həftə sonra Moldovanın Baş naziri Natalya Qavrilitsa çox narahatedici bəyanatla çıxış edib. O əmin edib ki, tezliklə ordu “regionda qeyri-sabitlik” səbəbindən silah və hərbi texnikanın alınması üçün Avropa İttifaqından (Aİ) böyük tranş alacaq. Bu, təxminən 47 milyon dollardır. Bu məbləğ Moldovanın hərbi büdcəsini iki dəfə artıracaq. Britaniyanın xarici işlər naziri Liz Trass isə əmin edib ki, NATO müttəfiqləri artıq təkcə Ukraynada deyil, həm də Moldovada alyansın standartlarına uyğun silahlanma məsələsini müzakirə edirlər. Dnestryanı üçün bu, çox konkret siqnal kimi qəbul edildi. Yeni eskalasiya baş verərsə, heç kim məsələni sülh yolu ilə həll etməyəcək. Avqustun əvvəlində məlum olub ki, ayrılan vəsaitə ən müasir Qərb pilotsuz təyyarələri, IVECO və HAMWE mobil platformaları, rabitə vasitələri və hərbi yük maşınları alınacaq. Təchizat proqramı ən azı 36 ay üçün nəzərdə tutulub. Avropa Komissiyasının Moldovaya Ukrayna ilə bərabər Aİ-yə namizəd statusu vermək qərarı isə sürpriz olub. Separatçı bölgə belə bir addım fonunda heç vaxt qonşu ilə yaxınlaşmaya razı olmayacaqları barədə bəyanat yayıb. “Xarici İşlər Nazirliyi” inteqrasiyadan sonra ölkənin “ikinci Rumıniya dövlətinə” çevriləcəyini rəsmən elan edib.

Rumıniya ilə birləşmə ehtimalı varmı?

Moldovada Rumıniya ilə birləşmə müzakirələri bundan əvvəl də yaşanıb. Ölkə Prezidenti Maya Sandu əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyi halda belə bir ssenarinin mümkünlüyünü bəyan edib. Dnestryanı bölgənin də bu plana daxil olub-olmadığı bəlli deyil. Lakin belə görünür, Moldova Dnestryanıdan imtina etmək fikrində deyil. Moldova Silahlı Qüvvələri üçün Dnestryanı yolunda əsas və keçilməz maneə regionda yerləşdirilən Rusiya sülhməramlı kontingentidir. Maya Sandu hakimiyyətə gəldikdən sonra ölkənin əsas tələbi rus bölmələrinin mübahisəli ərazilərdən çıxarılması olub: o, dəfələrlə əmin edib ki, bunsuz böhranın sülh yolu ilə həlli mümkün deyil. “Rusiya ordusunun Dnestryanı ərazisindən çıxarılması zəruridir, çünki onların iştirakı bizim neytrallığımızı pozur” – deyə Sandu çağırıb.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri 1992-ci ildən demarkasiya xəttində xidmət edir. 1995-ci ildən onlar Rusiya Qüvvələrinin Əməliyyat Qrupunda birləşib və Moldova təhlükəsizlik qüvvələri ilə birgə tapşırıqları yerinə yetirirlər. Rusiya dəfələrlə bəyan edib ki, ordusunu geri çəkməyə və hətta qalan silah və sursatların məhvinə kömək etməyə hazırdır, ancaq bunun üçün Moldova ilə Tiraspol arasında sabit dialoq yaranmalıdır.

Moldova deputatlarının ABŞ-dan dəstək xahişi 

Belə bir ağır durumda müstəqillik bəyannaməsini qəbul edən Moldovanın birinci parlamentinin deputatları ABŞ-dan ölkəyə “NATO təhlükəsizlik qalxanı” verilməsini xahiş ediblər. Bəyanatda qeyd edilir ki, “Ukraynadakı münaqişə kontekstində bütün xarici və daxili amilləri öyrənərək, biz Moldova vətəndaşlarının müdafiəsi üçün başqa səmərəli həll görmürük. ABŞ Prezidenti Cozef Baydenə və ABŞ Konqresinə diplomatik kanallar vasitəsilə müdaxilə etmək və hərbi müdafiə imkanlarından məhrum olan ərazimizin nəhayət və dönməz şəkildə Rumıniya və Avro-Atlantik məkana inteqrasiyası yolu ilə təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət edirik”.

Keçmiş nazir Anatoli Pluqaru bildirib ki, Ukraynadakı münaqişə fonunda “iki Rumıniyanın” birləşməsini dəstəkləyənlərin sayı artır. O qeyd edib ki, Moldova əhalisinin təxminən üçdə biri ölkənin müstəqilliyinin tərəfdarıdır. Moldovalı siyasətçi qeyd edib ki, Rumıniyanın sabiq prezidenti Trayan Beseskunun səsləndirdiyi “Birləşmə – Avropa İttifaqı vasitəsilə” şüarı bu gün təkcə Moldovada deyil, Rumıniyada da aktuallaşıb. Rumıniyada bu ideyanı həm siyasətçilər, həm də sadə vətəndaşlar dəstəkləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir