Siyasət

“Azərbaycan nəhəng layihələrlə Avropanın enerji xəritəsini dəyişir” – RƏY + FOTO

Sharing is caring!

“Azərbaycan nəhəng layihələrlə Avropanın enerji xəritəsini dəyişir”.

Bunu “Report”a deputat, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

O, “Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” vacib sənəd adlandırıb:

“Ölkəmizin həyata keçirilən bütün layihələrdə son dərəcə şəffaf şəkildə öhdəliklərini yerinə yetirməsi, etibarlı tərəfdaş imicini qoruması yeni əməkdaşlıq üçün geniş zəmin yaratmaqda davam edir. Qlobal müstəvidə Azərbaycanla siyasi, iqtisadi əlaqələr partnyorlar tərəfindən məmnunluq xarakteri alır. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması qeyd olunanların sübutu kimi təsdiqini tapır”.

R.Mahmudov xatırladıb ki, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşdə ölkə rəhbəri İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğunu diqqətə çatdırdı:

“Azərbaycanın böyük layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini bildirən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıdığını qeyd etdi. Azərbaycan Prezidenti imzalanan Memorandumu gələcək üçün mühüm yol xəritəsi hesab etməklə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunmasına əminliyini bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada münasibətlər qurur. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırılan bütün məsələlərin həllinə nail olacağına heç bir şübhə yoxdur.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen yeni ikitərəfli saziş üzərində ölkəmizlə çalışıdığını qeyd edərək, məqsədlərinin iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrinin genişləndirməkdən ibarət olduğunu söylədi.

Bakıda imzalanan saziş Avropa İttifaqı-Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına böyük töhfə verməklə yanaşı, siyasi müstəvidə də geniş prespektivlərdən xəbər verir. Azərbaycan Prezidentinin anonsunu verdiyi yeni saziş məhz bu sahəni ehtiva edir”.

Onun sözlərinə görə, həm iqtisadi, həm siyasi baxımdan Avropanın bölgədə ən etibarlı tərəfdaşlarından olan Azərbaycan eyni statusda ABŞ-la da münasibət qurmaqla özünün beynəlxalq mövqelərini tam şəkildə möhkəmlədir:

“Bu gün ölkəmiz öz maraqlarını birmənalı şəkildə həyata keçirmək qüdrətində olmaqla bərabər dost dövlətlərə də himayədarlıq etmək qüdrətindədir. Belə bir qüdrətin mənbəyi isə heç şübhəsiz ki, düzgün və dəqiq xarici kurs yürüdən Azərbaycan Prezidentinin nüfuzudur.

Dövlətimizin başçısı İlham Əliyev hazırda dünya liderləri arasında elə bir nüfuza və yüksək mövqeyə sahibdir ki, bu, Azərbaycan Respublikasının gücünə daha da güc qatır. Azərbaycan lideri dünya çapında öz inkişaf yolu ilə inamla irəliləyir. Bu baxımdan Bakıda Avropa İttifaqı ilə imzalanan saziş də bunun bariz ifadəsi, yüksəlişə doğru atılan inamlı bir addımdır. Yeri gəlmişkən, imzalanan Anlaşma Memorandumu ilə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırmaq üçün bir neçə il ərzində Cənub Qaz Dəhlizinin ötürücülük imkanının 20 milyard kubmetrə çatdırılacağı ilə bağlı tərəflərin üzərlərinə öhdəliklər götürməsi də mövcud əməkdaşlığın yeni inkişaf səviyyəsinə yüksəlməsindən xəbər verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir