Siyasət

“Yay Fest 2022”: 5130 gənc müraciət edib!

Sharing is caring!

Ölkənin ən böyük gənclər düşərgəsi “Yay Fest 2022”yə 8 gün ərzində 5 mindən çox gənc iştirak üçün müraciət edib və mərhələli şəkildə iştirakçıların seçimləri, onlarla həm onlayn, həm də görüşlər vasitəsilə müsahibələr davam edir. 

Xatırladaq ki, 19 iyul – 9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq.
Gənclərin düşərgəyə böyük marağını nəzərə alan təşkilatçılar son dörd düşərgə üçün qeydiyyat müddətini avqustun 1-nə kimi uzadıb. 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək “Yay Fest 2022”də 2 min gənc iştirak edərək əylənəcək, öyrənəcək və yeni dostlar qazanacaqlar. 

Artıq ənənə halını almış və 3-cü ildir ki təşkil edilən Festivalda iştirak etmək istəyən gənclərimizi http://yayfest.az/ veb-səhifəsi və ya “GəncApp” mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçməyə dəvət edirik.

Çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələr, həvəskar idman yarışları, əyləncəli, intellektual oyunlar, peşəkar təlimlər, konsert proqramı, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq, Vətən müharibəsi qaziləri ilə görüşlər keçiriləcək və Festival ərazisində xüsusi innovasiya guşəsi yaradılacaq. Düşərgələrdə fəal olan gənclər mükafatlandırılacaq və beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.

Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID-19 pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir