Siyasət

Yuri Mavaşev: “Ermənistan siyasi təcriddə qalmaq istəyirsə, buyursun”

Sharing is caring!

“Rusiya indi həm Qərbdə, həm də Avrasiyada (Qazaxıstanın mövqeyini və prezident Qasım-Jomart Tokayevin bəyanatını xatırlayın) toksik oyunçu kimi qəbul edilir. Burada isə Türkiyə meydana çıxır, heç olmasa öz potensialını Rusiya ilə müqayisə edir, həmçinin NATO ilə problemləri həll edir”.

Bu barədə Rusiyanın Yeni Türkiyə Araşdırma Mərkəzinin direktoru Yuri Mavaşev Oxu.Az-a açıqlamasında deyib.

“MDB-yə nəzər salaq. Məgər Rusiyaya ümumi dəstək varmı? Belə bir şey yoxdur. Hətta Belarus hələ də Rusiyanın Ukraynadakı hərbi əməliyyatında iştirak etmir, lakin Minsk qoşulsa belə, çox şeyi dəyişməyəcək və bu, Rusiyanın təzyiqi ilə atılan addım kimi qəbul ediləcək. Məsələni bura gətirmək istəyirəm – biz heç bir inteqrasiya birliyində Rusiya ilə Ermənistan arasında heç bir birlik müşahidə etmirik.

Əgər Ermənistan Moskvaya bel bağlayaraq Rusiya ilə eyni siyasi təcriddə qalmaq istəyirsə, onda buyursun. Bəlkə birlikdə daha əyləncəli olacaq.

Siyasət həqiqətən mümkün olanın sənətidir. Amma bunun nəticəsində hərbi fəlakət təhlükəsi yaranarsa, o zaman düşünmək lazımdır – bəs Ermənistanın hərbi təhlükəsizliyini kim təmin edəcək? Bildirilib ki, Rusiya sülhməramlılarının bir hissəsi Qarabağdan Ukraynanın şərqinə köçürülüb. Yenə deyirəm – Ermənistan kimə arxalanacaq?

Rusiya sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış edə bilməz. İran isə çətin ki, Ermənistana kömək etsin. Yəni, Türkiyə və Azərbaycanla barışmaqdan imtina xəttini saxlamaq Ermənistanı üçtərəfli bəyanatın imzalandığı 2020-ci ilin payızından qat-qat pis nəticələrlə təhdid edir. Yeri gəlmişkən, Azərbaycan bütün bəndlərə sadiq qaldı, lakin Ermənistanla bağlı suallar çoxdur”, – deyə o bildirib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir