Siyasət

Separatçıları qorxudan tarix yaxınlaşır: “İrəvan tamamilə asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq”

Sharing is caring!

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Zəfər nəticəsində imzalanan 10 noyabr bəyanatının altıncı bəndində yer alan müddəalardan biri Laçın şəhərindən yan keçməklə yeni alternativ yolun çəkilməsindən bəhs edir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd edib ki, Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır.

Bəyanatın imzalanmasından keçən 19 ay ərzində bu istiqamətdə artıq böyük işlər görülüb. Görülən işlərin əks-sədası isə İrəvandan eşidilməyə başlayıb.

Sözügedən yolun istismara verilməsi tarixinin yaxınlaşması, sözsüz ki, Ermənistandakı revanşist qüvvələri vahiməyə salmağa başlayıb. Belə ki, bir müddətdir, İrəvanda davam edən separatçı və revanşist fikirləri əsas götürən etirazların – “müqavimət” hərəkatının təşkilatçılarından sayılan İşxan Saqatelyan yeni alternativ yolla bağlı danışıb. İ.Saqatelyan böyük təşvişlə yolun iki-üç ay sonra istismara veriləcəyini bildirib. O, Laçına daxil ola bilməməyin ermənilər üçün təhlükələrindən danışıb.

“Bütün elektrik və qaz kommunikasiyaları Azərbaycan tərəfinin nəzarətinə keçəcək. Nəticədə Ermənistan tamamilə Azərbaycandan asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq”, – deyə İ.Saqatelyan bildirib.

İ.Saqatelyanın təşvişinin səbəbi anlaşılandır. Bütün bunlar ona görədir ki, qısa zaman sonra revanşist və separatçı erməni qüvvələrinə növbəti ağır zərbə vurulacaq. Laçından yan keçən yeni alternativ yolun istifadəyə verilməsi Azərbaycanın strateji üstünlüyünü daha da möhkəmləndirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir