Siyasət

Gürcüstanlı analitik: “Rusiya zəifləyib, Azərbaycan, Türkiyə və Gürcüstanın əməkdaşlığına təsir edə bilməz”

Sharing is caring!

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşada keçirilən iclasından sonra Gürcüstan nümayəndəsi Nikoloz Samxaradze daha bir Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyasının yaradılacağını bildirib.

Bundan başqa, Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Şuşada keçirilən iclasda növbəti görüşün Gürcüstandan qoparılan Abxaziyanın Suxumi şəhərində keçirilməsini təklif edib.

Bəyanat kifayət qədər rezonans doğurur, lakin Tbilisinin Abxaziyanın qaytarılması ilə bağlı konkret planı varmı? Oxu.Az-ın bu və digər suallarını gürcüstanlı analitik Gia Kuçava cavablandırıb:

– Bəli, Nikoloz Samxaradzenin sözlərindən, belə çıxır ki, Abxaziya azad ediləcək. Ölkənin hazırkı rəhbərliyi bunun sülh yolu ilə mümkün olduğunu vurğulayıb. Ancaq Ukraynada baş verən son hadisələrə əsaslanaraq hesab edirəm ki, hazırda bu ehtimal azdır. Rusiya hakimiyyəti, yeri gəlmişkən, Ukrayna istiqamətində uğur qazana bilmədi, çünki onlar öz qarşılarına qoyduqları tapşırıqları maksimum bir həftəyə başa çatdıracaqlarını gözləyirdilər. İndi Rusiyanın Ukraynadakı hərbi birləşmələri çətin vəziyyətdədirlər. Hansı hərəkətləri edə biləcəkləri yalnız Allaha məlumdur.

Gürcüstana qayıtsaq, bizim hakimiyyət hərbi yola əl atmaq üçün hazırlıqlar aparsa belə, bu hələ sezilmir, gürcü cəmiyyətində də hiss edilmir. Baxmayaraq ki, bəlkə də gizli hazırlıq aparılır.

Ona görə də mənə elə gəlir ki, Nikoloz Samxaradze məhz bu məqamda ritorik bəyanatla çıxış edib.

– Bəs gürcü cəmiyyəti nə vaxta qədər Sxinvali regionunun (qondarma Cənubi Osetiya Respublikasının) və Abxaziyanın işğalına dözməyə, bu ərazilərin azad edilməsini gözləməyə hazırdır?

– Baxın, cəbhənin müəyyən sektorlarında müəyyən uğurlar əldə etsə də, Rusiya Ukraynadakı müharibədə uduzmaqdadır. Abxazların özləri isə deyirlər ki, Rusiya Federasiyasının məğlubiyyətindən az sonra gürcü qaçqınlar Gürcüstan hakimiyyəti kimi Abxaziyaya qayıdacaqlar. Demək istəyirəm ki, bu, sadəcə, vaxt məsələsidir.

– Yəni, perspektivdə həmin Abxaziya Gürcüstanın tərkibinə qayıdacaq?

– Nəinki perspektivdə, yaxın gələcəkdə. Amma indi yox, əlbəttə.

– Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclasından sonra Nikoloz Samxaradzenin sözlərindən məlum oldu ki, Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası da yaradılacaq. Ölkələrimiz onsuz da əməkdaşlıq edirdi və indi qarşılıqlı fəaliyyətin gücləndiyini göstərən yeni struktur yaranır. Sizcə, Rusiya buna necə reaksiya verəcək?

– Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyasının yaradılması üç ölkənin sıx əməkdaşlıq etdiyinin təsdiqi olacaq. Amma Rusiya tərəfi, təbii ki, onun iştirakı olmadan yaranan birlikləri, ittifaqları çox ağrılı şəkildə qəbul edir. Açığı Rusiya artıq zəifləyib, Azərbaycan, Türkiyə və Gürcüstan arasında bu cür əməkdaşlığa hansısa formada təsir göstərə bilməz. Rusiyanın zəifləməsi həm Cənubi Qafqaz ölkələri, həm də dünyanın digər dövlətləri üçün sərfəlidir. Rusiya Federasiyası bütövlükdə çox aqressiv ölkədir.

Yadıma 1903-cü ildə “Sakartvelo” qəzetində çıxan bir məqalə düşür. Qeyd edim ki, adını çəkdiyim qəzet Parisdə çap olundu və Gürcüstana gətirilməsi qadağan edilmişdi. Orada qeyd olunurdu ki, Rusiyada hətta demokratlar da hakimiyyətə gəlsələr, onlar “velikoross”lar üçün demokrat olacaqlar, imperiyanın digər əsarətə düşmüş xalqlarına münasibətdə çarizmin eyni siyasətini yürüdəcəklər. Tarix bu iddianın doğruluğunu təsdiq etdi. Rusiyada 1917-ci il fevral inqilabını və Müvəqqəti Hökumətin başçısı Aleksandr Kerenskinin siyasətini xatırlayın. Rusiyanın yaxın tarixinə də diqqət yetirə bilərsiniz. Rus “demokrat”ları hələ o zamanlar da yalnız “velikoross”lar üçün “demokrat” idilər, SSRİ-nin digər xalqları üçün isə qətiyyən yox. Bunun bariz nümunəsi hələ 1976-cı ildə Çili Kommunist Partiyasının baş katibi Luis Korvalanla dəyişdirilən sovet dissidenti Vladimir Bukovskidir. O, sonradan bildirmişdi ki, dissident hərəkatının məqsədi Sovet İttifaqının, yəni Rusiya imperiyasının dağılması üçün deyil, insan haqları uğrunda mübarizə aparmaq idi. Vladimir Bukovski bir neçə il əvvəl vəfat etdi, onun xatirəsinə böyük hörmətim var, ancaq tarixi unuda bilmərik.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir