Siyasət

Tələbə gənclər ulu öndəri silsilə tədbirlərlə yad etdilər – FOTO

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 5-10 may tarixlərində “Əbədi lider həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib.

Həyata keçirilmiş layihələr, ekskursiyalar, yürüşlər, tədbirlər və konfranslarla tələbə gənclər müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. “ÇƏTİR” proqramı çərçivəsində Xeyriyyə klubları şəbəkəsi tərəfindən ulu öndərin xeyriyyəçilik və uşaqlara qayğı irsini davam etdirmək məqsədilə uşaq evinə ziyarət, İntellektual oyunlar klubları şəbəkəsinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “Kod Da Vinçi” yarışı, İncəsənət klubları şəbəkəsinin isə ümummilli liderə həsr olunmuş rəsm sərgisi keçirilib.

Vətənpərvərlik klubları şəbəkəsinin təşkilatçılığı ilə baş tutmuş konfransda Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan gəncliyinin əsl vətəndaş kimi formalaşmasındakı misilsiz rolu və azərbaycançılıq məfkurəsi haqqında tələbələrə ətraflı məlumat verilib, birlikdə dahi şəxsiyyətə həsr olunmuş sənədli film izlənilib.

“Hədəf 10%” proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən də həftə ərzində silsilə layihələr həyata keçirilib. Belə ki, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub, ulu öndərin həyatı haqqında qısametrajlı filmlər izlənilib, ümummilli liderin Azərbaycan tarixindəki rolu və fəaliyyətini özündə əks etdirən əl işlərinin nümayiş olunduğu rəsm sərgisi təşkil olunub, dahi şəxsiyyətin müasir Azərbaycan gəncliyinin formalaşmasında rolu ətrafında müzakirələr aparılıb, dama turnirləri və tələbələrlə birlikdə marafon keçirilib.

“ON1000” proqramı çərçivəsində isə müxtəlif təhsil müəssisələrində müstəqilliyimizin banisi, əbədiyaşar liderə həsr olunmuş “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı tədbir, böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş ulu öndər Heydər Əliyevin siyasi fəhmi və müdrikliyini tələbələrə çatdırmaq məqsədilə “Unudulmaz şəxs, unudulmaz gün” adlı görüş, Bakı Musiqi Akademiyası TGT-si tərəfindən isə konsert proqramı təşkil olunub.

Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera Studiyasında Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. İttifaqın baş katibi Orduxan Qəhrəmanzadə tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səslənib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu yad edilib.

Tədbirin bədii hissəsində tələbələrin ifasında vokal və xorla müxtəlif növ mahnılar ifa olunub, müxtəlif musiqi alətlərində kompozisiyalar səslənib, Heydər Əliyevin portreti xüsusi formada çəkilib, rəsm əsərləri və rəqs nümunələri nümayiş edilib. Tədbirin təşkilində əsas məqsəd ulu öndərin zəngin irsinin təbliği, gənclərin bu sahədə biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Tədbir tələbə gənclərin böyük marağına səbəb olub.

Ulu öndərin əziz xatirəsi daim tələbə gənclərin qəlbində yaşayır, hər zaman ehtiram və sevgi ilə anılır. Bu gün ulu öndərin tövsiyələri, Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı ilə yetişən gənclər ölkəmizin tərəqqisi yolunda üzərlərinə düşən missiyanı dərk edir və bunun üçün bütün imkanlarını səfərbər edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir