Siyasət

Heydər Əliyevin Qarabağa dair Azərbaycan xalqı qarşısında tarixi xidmətləri: Unudulmaz üç fakt

Sharing is caring!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin hələ uzun illər bundan sonra da tarixçilərin, tədqiqatçıların araşdırma mövzusu olaraq qalacağı şübhəsizdir. Təkcə ona görə yox ki, bu görkəmli dövlət xadimi Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin gələcəyi, milli intibahı üçün son dərəcə əhəmiyyətli nailiyyətlərə imza atmağa müvəffəq olmuşdu, həm də ona görə ki, onun siyasətçi obrazı, milli mənafeləri ən mürəkkəb situasiyalarda belə müdafiə etmək bacarığı, çətin, ziddiyyətli və bir çox hallarda çıxılmaz görünən vəziyyətlərdə praqmatik siyasi manevrləri öyrənilməyə layiqdir.

Bu böyük şəxsiyyətin tarix və xalq qarşısında xidmətlərini bir məqalədə, yaxud bir nəşrdə tam şəkildə əhatə etmək mümkünsüzdür. Bu baxımdan, biz onun fəaliyyətinin bir aspektini, artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə bağlı olan hissəsini təhlil etməyə çalışacağıq. Xüsusilə də ona görə ki, Heydər Əliyevin hələ Sovet Azərbaycanında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə yönəlmiş çoxsaylı cəhdlərin qarşısını nə qədər böyük məharətlə aldığı barədə gənc nəslin daha çox məlumatlanmasına ehtiyac var. 

1969-cu ilin iyulunda Azərbaycan SSR Mərkəzi Komitəsinin Birinci katibi seçilən Heydər Əliyev ermənilərin ən müxtəlif səviyyələrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı təşəbbüslərindən xəbərdar idi. Məhz H.Əliyevin təşəbbüsü ilə vilayətdə Bakının təsirinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1973-cü ilin oktyabrında Azərbaycan KP Dağlıq Qarabağ Vilayət Komitəsinin Plenumunun qərarına əsasən, Qurgen Melkumyan Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi və Büro üzvü vəzifələrindən azad edildi, onun yerinə Boris Gevorkov seçildi. Təşəbbüs Heydər Əliyevdən gəlmişdi. Şübhəsiz ki, burada əsas məqsəd vilayətdə ermənilərin hakimiyyətini mümkün qədər məhdudlaşdırmaqdan, daha dəqiq desək, zəiflətməkdən ibarət idi. 

Bu qərar ermənilərin ciddi narahatlığına səbəb oldu. Lakin ulu öndərin kifayət qədər düşünülmüş və dəqiq hesablanmış addımları Sovet İttifaqının siyasi elitasında qərarlaşmış və ölkənin ictimai-siyasi həyatına ciddi təsir imkanlarına malik erməni şəbəkəsinin əl-qolunu xeyli dərəcədə bağladı. Çox maraqlı bir fakt da ondan ibarətdir ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə DQMV-nin rəhbəri seçilmiş Gevorkov bu vəzifəni 1988-ci ilin fevralına qədər icra etmişdi. Yəni ermənilərin vilayəti Azərbaycandan ayırmaq üçün başladığı açıq separatçı hərəkatın başlandığı tarixə qədər. Təkcə bu fakt Heydər Əliyevin 1973-cü ildə atdığı addımın məntiqini və siyasi hədəflərini təsəvvür etmək üçün kifayətdir.

Bundan bir il öncə isə daha ciddi bir prosesə start verilmişdi. Ermənistan SSRİ-nin bir qrup ziyalısının imzası ilə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnevə göndərilən məktubda Ermənistan SSR və Dağlıq Qarabağın ayrı-ayrılıqda mövcudluğunun mümkünsüzlüyünü “əsaslandırmağa” çalışan çoxlu sayda iddialar öz əksini tapmışdı. Müxtəlif tarixi, etnik və siyasi məzmunlu “arqument”lərlə yanaşı, erməni ziyalıları muxtar vilayətin sosial-iqtisadi göstəricilərinin də “zəif olduğunu” da əsas kimi göstərirdilər.

Bakıdan cavab məktubu gecikmədi. Məhz ümummilli liderin imzaladığı məktubda göstərilən faktlar və rəqəmlər İrəvandan gedən məktubdakı bütün iddiaları alt-üst edirdi. Ermənilərin növbəti cəhdi də iflasa uğradı. Bu, bəlkə də Qarabağın tarixində ən həlledici məqamlardan biri idi. Məhz ümummilli lider Heydər Əliyevin siyasi çevikliyi, zəkası Azərbaycan xalqının taleyinə yazıla biləcək böyük bir faciənin qarşısını aldı.

Azərbaycan parlamentinin 2001-ci ildə keçirilən iclaslarının birində ulu öndər həmin dövrü belə xatırlayırdı:

“Mən respublikaya rəhbərlik edəndə biz Dağlıq Qarabağda daha əlverişli iqtisadi şərait yaradırdıq, onun iqtisadiyyatının inkişafına üstünlük verirdik. Çünki tez-tez guya Azərbaycanda Dağlıq Qarabağın sıxışdırıldığına və oradakı ermənilərin inkişaf edə bilməmələrinə dair məsələ qaldırılırdı. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün biz o vaxt, yenə də deyirəm, Dağlıq Qarabağa daha çox diqqət yetirirdik. Mən bu gün də etiraf edirəm ki, bunu Dağlıq Qarabağa, ermənilərə bu məsələni qaldırmağa imkan verməmək üçün edirdim”.

Lakin bu da erməniləri dayandırmadı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının hazırlanması zamanı erməni ziyalılarının bir qrupu tərəfindən Konstitusiya Komissiyasına DQMV-nin və Naxçıvan MSSR-nin Ermənistana birləşdirilməsini nəzərdə tutan daha bir müraciət daxil oldu. Heydər Əliyev komissiyanın üzvlərindən biri idi. Məktubla bağlı məlumat alan kimi, dərhal buna öz qəti və kəskin etirazını bildirdi. Lakin etirazın nəzərə alınmamaq ehtimalını görərək Brejnevə məlumat verdi. Həmin tarixi anı ümummilli lider belə xatırlayırdı:

“Komissiyanın iclasında iştirak etmək üçün Moskvaya getmişdim və gördüm ki, “Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistana vermək lazımdır” kimi çoxsaylı ərizələr daxil olub. Görürəm, Ponomaryov deyir ki, bu məsələni Komissiyanın müzakirəsinə çıxarmaq lazımdır, ermənilər ona da təsir etmişdilər. Başa düşürsünüzmü ki, bu məsələnin Komissiyanın müzakirəsinə çıxarılması faktının özü nə deməkdir? Mən hələ Komissiyanın iclasından bir gün əvvəl buna qəti şəkildə etiraz etdim, amma gördüm ki, yox… Mən yenidən mərhum Brejnevin yanına getdim. Ona dedim ki, bu nədir? Belə bir şey olmamalıdır! O, Ponomaryova zəng vurub dedi: “Bunu gündəlikdən çıxart”.

Ümummilli liderin hələ Sovetlər dövründə Qarabağın Azərbaycandan qoparılması cəhdlərinə qarşı nə qədər gərgin mübarizə apardığına dair daha çox fakt göstərmək, tarixin daha dərinliklərinə varmaq mümkündür. Lakin düşünürəm ki, elə bu üç fakt ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini izah etmək üçün kifayətdir.

Həm də onu nəzərə alsaq ki, haqqında danışdığımız dövr böyük bir ölkənin ən əsas dəhlizlərində gedən proseslərdən, mübarizə və ziddiyyətlərdən ictimaiyyətin məlumatsız olduğu bir mərhələni əhatə edir. Heydər Əliyev Azərbaycan xalqının milli maraqları uğrunda Azərbaycan xalqından xəbərsiz, təkbaşına böyük bir şəbəkəyə qarşı mübarizə aparırdı. Bu tarixi mübarizənin detalları haqqında biz yalnız uzun illər sonra, müstəqilliyimizi yenidən bərpa edərkən xəbər tutduq. 

Şübhəsiz ki, ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr də Dağlıq Qarabağ məsələsinin ətrafında cərəyan edən çoxsaylı proseslərlə səciyyələnirdi. Münaqişənin beynəlxalq hüquqa uyğun, tarixi ədalət prinsipləri əsasında həll edilməsi üçün Heydər Əliyev yenidən mübarizə aparmalı oldu. Ermənistanla atəşkəs haqqında razılaşmanın əldə olunması, münaqişənin səbəbləri və beynəlxalq hüquqa uyğun həlli yolları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində son dərəcə mühüm addımlar atıldı.

Belə mühüm addımlardan biri 1996-cı il dekabr ayının 2-3-də ATƏT-in Lissabon sammitində atıldı. Azərbaycan Prezidenti Heydər Əliyevin qəti və inadlı mövqeyi nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapdı: Ermənistan və Azərbaycanın ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi. 

Azərbaycanda ordu quruculuğu, iqtisadiyyatın gücləndirilməsi, düşünülmüş xarici siyasət strategiyasının həyəta keçirilməsi istiqamətində ümummilli liderin çoxşaxəli fəaliyyətinin əhəmiyyətini vurğulamaqla yanaşı, atəşkəs haqqında saziş və Lissabon sammitinin nəticələri Heydər Əliyev dühasının miqyasını görmək üçün, fikrimcə, kifayət qədər ciddi hadisələrdir.

Böyük öndərin başladığı mübarizə yolunu son hədəfinə çatdıran isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, düşünülmüş, bütün detalları və parametrləri ilə dəqiq hesablanmış addımları oldu. 2020-ci il noyabrın 8-də xalqa müraciətində Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ölkənin qarşısında duran bir nömrəli problemin həlli uğrunda iki böyük siyasət adamının apardığı mübarizənin bütün fəlsəfəsini ifadə edir:

“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır!”

Ramin Məmmədov,
Milli Məclisin deputatı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir