Siyasət

“Pəncə-Kilit”: İraqda Türkiyə ilə İranın mübarizəsi güclənir, daha bir bölgə qaynayır – TƏHLİL

Sharing is caring!

Türkiyənin PKK bazalarını və sığınacaqlarını təmizləmək üçün Suriya və İraqda başladığı əməliyyatların tarixi bir neçə il öncəyə gedir və elə o zamandan İran Ankaranın açıq-gizli rəqibi qismində addımlar atır.

Türkiyə Silahlı Qüvvələrinin hazırda davam etdirdiyi “Pəncə-Kilit” əməliyyatı da Ankara-Tehran hərbi-siyasi əlaqələrindəki gərilməni sürətləndirir.

Həm İraq hökuməti, həm də Şimali İraq Kürd Muxtariyyəti Türkiyənin PKK mövqelərini məhv etməsini ölkənin suverenliyinin pozulması kimi yozurlar, amma bu etirazlar praktiki demarş vəziyyətinə gəlib çatmayıb və İraqla İranı eyni platformaya gətirməyib.

Vəziyyət qarışıqdır, hətta labirint yaranıb, bunun tablosunu qısa tezislərlə belə cıza bilərik:

– İraq hökumətində yekdil fikir yoxdur;

– Hökumətin həm İran, həm də Türkiyə ilə problemləri mövcuddur;

– İraq Kürdüstanı PKK-nı dəstəkləyir;

– İran da Türkiyə amilinə qarşı və İraqın siyasi idarəetmə sistemində qərar tutmaq üçün PKK-ya dəstək verir;

– İraq PKK amilini aradan qaldırmaq istəsə də, bunu kənar dövlətlər hesabına gerçəkləşdirmək istəmir, amma əməliyyat üçün özünün də resursları çatışmır.

Ən axırıncı tezis mübahisəli məsələlərin olmasına rəğmən, Türkiyə ilə İraqın bir-birinə yaxınlaşmasını təmin edən faktora çevrilə bilər ki, bunun da əlamətlərini müəyyən hadisələrdə axtara bilərik.

İraqın Türkiyənin keçirdiyi əməliyyatlar fonunda Sincar bölgəsində PKK-nı cilovlamaq üçün atdığı addımlar diqqət çəkir, bu isə Ankara-Bağdad arasında müəyyən sövdələşmə olduğunun nişanəsi kimi şərh edilə bilər (Sincarda İraq qüvvələri ilə kürd silahlıları arasında qarşıdurma yaşanıb).

Nəzərə alaq ki, Sincar yezidi kürdləri azlığının əsas məskunlaşma mərkəzlərindən biridir, bura İŞİD kimi terrorçu təşkilatın da qurbanına çevrilib, vaxtilə İŞİD başkəsənləri həmin ərazidə xeyli qırğın törədiblər.

Ancaq İŞİD kimi ortaq düşmən belə PKK ilə İraq hökumətini vahid cəbhəyə gətirə bilməyib və Sincar PKK meylindən uzaqlaşan bölgəyə çevrilməyib.

İrana gəlincə, o, hələ də PKK-ya dəstək göstərməkdə maraqlıdır, vəziyyətin bu nöqtədə olması isə Türkiyə ilə İraqı bir-birinə yaxınlaşdıran və Türkiyənin İraqın suverenliyinin müdafiəçisi qismində imicinin artmasına xidmət edən səbəbə çevriləcək.

Bu isə Türkiyənin gələcəkdə əməliyyatların coğrafiyasını Sincara da daşıyacağı proqnozlarını səsləndirmək imkanları yaradır, hərçənd ki, bu, Ankara-Tehran münasibətlərini kəskin gərgin fazaya sürükləyər.

Türkiyə Sincarda möhkəmlənmək xəttinə önəm verir, amma bu bir qədər çətindir. Ona görə ki, bura Türkiyə ilə sərhəd deyil və PKK bu bölgədən Suriyadakı gücləri ilə koordinasiyalı şəkildə iş üçün yararlanır. Türkiyənin isə sərhəd olmayan bölgəyə silahlı qüvvələrlə girişinə verilən reaksiyalar fərqli olar, hərçənd ki, Ankaranın da əlində kifayət qədər arqumentlər var.

NƏTİCƏ: PKK amili Türkiyə ilə İraqı yaxınlaşdıracaq, İran isə kənarda qalacaq.

Bu isə qeyri-sabit İraqda hökumətin formalaşmasında Türkiyənin çəkisini artıracaq.

İran da buna əks-reaksiya olaraq İraqda hərbi qarşıdurmanın şiddətlənməsinə çalışacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir