Siyasət

Rusiya-Ukrayna müharibəsi: Kim necə “qazlanacaq?” – TƏHLİL

Sharing is caring!

Rusiya-Ukrayna müharibəsi Qərb qarşısında Moskvaya qarşı sanksiyaların enerji sektoruna keçidini təmin etmək çağırışları qoyur.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində çıxış edərək Rusiyanın “qoca qitə”də şaxələnən enerjisini “söndürməyə” çağırış edib, amma bunun çətin olduğunu da vurğulayıb.

Mürəkkəbliyin göstəriciləri:

1. Rusiya Avropa İttifaqının əsas enerji tədarükçüsüdür,

2. Rusiya illik həcmi milyardlarla kubmetr dəyərində ölçülən qazı beş Avropa ölkəsinə ixrac edir (Almaniyaya 42,6, İtaliyaya 29,2, Niderlanda 15,7, Macarıstana 11,6, Polşaya 9,6 milyard kubmetr).

Digər ölkələrin də Rusiya qazından asılılığı var, amma həcminə görə bu səviyyədə deyil. Məsələn, Rusiya Böyük Britaniyanın təbii qaza olan tələbatının beş faizini qarşılayır, amma bu, London üçün “ölüm-qalım” məsələsi deyil.

Rusiyanın Avropanın enerji bazarındakı payı 40 faiz təşkil edir. Rusiya öz qazını Avropaya bir neçə magistral boru kəməri vasitəsilə göndərir, həmin qaz regional anbarlarda toplanır və sonra “qoca qitə”yə paylanır.

Rusiyanın Ukraynaya müdaxiləsi enerji bazarlarındakı nizamı pozur və Rusiya qazından imtina xətti tutulur. Təbii qaz bazarında təzyiqlərin yaranması və pozulmuş nizama qeyri-müəyyən perspektivlərin əlavə edilməsi Qərbi də, Moskvanı da daha diktəedici hərəkətlərə yol verməyə sövq edir.

Beynəlxalq Enerji Agentliyi iqlim ambisiyalarına uyğun olaraq Avropanın Rusiya qazından asılılığını üçdə bir səviyyədə azaltmaq üçün tədbirlər kompleksini işləyib hazırlayıb (10 bənddən ibarətdir), amma bunun işlək hala gəlməsi çətin məsələdir.

Avropa üçün çətinlik yaradan odur ki, bazarda Rusiya qazının mövcud miqyasına alternativlər formalaşmayıb, elə buna görədir ki, Ukrayna da tranzit rolundan imtina etməyib.

Buna görə də Qərbin Rusiyanı cəzalandırmaq üçün ona qarşı total iqtisadi və maliyyə müharibəsinin təkanlarının enerji sektoruna sıçraması vaxt aparacaq. Qərbin Rusiyanın xam neftinə, neft məhsullarına, qazına, kömürünə mütləq qadağa tətbiq etməsi real görünmür, ona görə də Qərbin daha çox ikinci, üçüncü dərəcəli sanksiyalarla görüntü yaratması daha gerçək səslənir. Qərbin iqtisadi müharibəsinin hansı səviyyəyə qədər davam etdiriləcəyi də sual altındadır.

Neft-qaz müharibəsinin yaratdığı digər risk də mövcuddur ki, bu da qiymətlərin gələcəkdə necə var-gəl edəcəyi ilə bağlıdır. Rusiyadan enerji idxalı dayansa, neftin və qazın qiyməti necə dəyişəcək – bu suala hələ də dəqiq cavablar yoxdur.

Hələlik Avropanın Rusiya enerji resurslarından tam imtinası mümkün deyil, bu isə Moskvaya satışdan əldə etdiyi gəlirləri rublla ödəmək tələblərini artırmağa imkan verəcək.

Hərçənd ki, Polşa və Bolqarıstan Rusiyaya rublla ödənişdən imtina etdiyinə görə Rusiya həmin ölkələrə verdiyi qazı kəsib.

Rusiya-Ukrayna müharibəsi davam edəcəksə, Avropanın digər ölkələri də yaxın aylarda dilemma qarşısında qalacaqlar: Ya rublla ödəniş olacaq, ya da qaz kəsiləcək.

Qərb hazırda Azərbaycandan başlayıb Türkiyəyə, oradan Avropaya uzanan Cənub Qaz Dəhlizi (TANAP və TAP qaz marşrutları) vasitəsilə Rusiya qazının həcminin ekvivalentində alternativ formalaşdırmaq üçün çalışmalıdır. Hazırda bu, optimal variantlardan biridir. Avropa üçün digər alnernativ isə Əlcəzairdir.

Qərb indi TAP vasitəsilə Azərbaycan qazının ötürücülük gücünü illik 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırmağın yollarını axtarır.

Ümumilikdə isə Cənub Qaz Dəhlizinin illik ötürmə qabiliyyətinin 31,5 milyard kubmetr olacağı poroqnozlaşdırılır.  

Görünən budur ki, Rusiya-Ukrayna müharibəsinin enerji sektoruna təsirləri Azərbaycanın iqtisadi-siyasi mövqelərini daha da möhkəmləndirəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir