Siyasət

York Universitetinin azərbaycanlı professoru: “Biz Azərbaycan üçün işləməyə həmişə hazırıq”

Sharing is caring!

Böyük Britaniyanın York Universitetinin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qərib Mürşüdov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib.

Məktubda deyilir: 

“Çox hörmətli Prezident!

İcazə verin, elm sahəsində nailiyyətlərimə və Azərbaycan diasporunun inkişafında xidmətlərimə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyümə görə Sizə dərin minnətdarlığımı bildirim. Mənim üçün bu, gözlənilməz hədiyyə oldu. Bu hədiyyənin bizim ürəyimiz və ürəyimizdə olan Şuşada təqdim olunması daha çox sevindirici oldu. Ümid edirəm ki, gələcəkdə mən və mənim kimi fikirləşən alimlər Azərbaycanın daxilindəki inkişafa kömək etmək üçün daha çox cəhd edəcəyik, eyni zamanda Azərbaycanın dünyada mövqeyini qorumaq və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Biz Azərbaycan üçün işləməyə həmişə hazırıq”.

Qərib Mürşüdov qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının vacibliyindən əlavə rəmzi əhəmiyyəti var:

“Yəqin ki, Şuşanın əhəmiyyətini başa düşmək üçün Azərbaycan ruhu ilə böyümək lazımdır. Şuşada hər bir azərbaycanlıda güclü emosiya hiss edilirdi. Əgər emosiyaları elektrik enerjisinə çevirmək mümkün olsaydı, alınan enerji ilə bir ölkəni uzun müddət ərzində təmin etmək olardı. Ümid edirəm ki, Dünya Azərbaycanlılarının qurultayları tez-tez Şuşada və Qarabağın ayrı ərazilərində keçiriləcək. Bu qurultayın dünyanın müxtəlif guşələrində yaşayan və uğurla çalışan azərbaycanlıların, Azərbaycanla bağlı olan insanların görüş mərkəzinə çevrilməsi potensialı çox böyükdür”. 

Professor əlavə edib ki, 31 illik müstəqillik tarixinə baxmayaraq, bir sıra ölkələrdə azərbaycanlılar mühüm vəzifələr tutmağa başlayıblar:

“Onların Azərbaycanda elm, texnologiya, təhsil və sənaye inkişafına cəlb edilməsi ölkəmizin gələcəyi və dünyada özünə layiq mühüm yer tutması üçün vacib olardı. Müxtəlif fikirli, siyasi düşüncəli, cəmiyyətə baxışı olan azərbaycanlıların birləşməsi həm həddən artıq çətin, həm də çox vacib bir hadisə olardı. Şuşada keçirilən qurultay bu istiqamətdə atılan böyük bir addım sayıla bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir