Siyasət

“İşıqlandırılan” Qarabağ, Zəngilana qayıdış – RƏY

Sharing is caring!

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətində problem mövcud deyil. Sülhməramlıların olduğu ərazidə vəziyyət stabildir.

Oxu.Az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. Bu fikirdən irəli çıxan nəticəyə əsaslanaraq deyə bilərik ki: 

Sülhməramlıların Qarabağı tərk etməsini Azərbaycan daha erkən istəyə bilər

Ölkə başçısının sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda ermənilərin məskunlaşdığı ərazilər vasitəsilə Kəlbəcərə yüklərin daşınmasında köməklik edir. Çünki Ömər aşırımı vasitəsilə Kəlbəcərə lazımi yükləri aparmaq müəyyən çətinliklər yaradır. Həmçinin Azərbaycan tərəfinə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə yüklərin daşınmasına imkan yaradılır. Bu proses Kəlbəcərə 12 km uzunluğunda olan tunelin tikintisinədək davam edəcək.

Prezident bir daha bəyan edib ki, sülhməramlılarının burada olması onların Azərbaycan ərazisində daim olacağı anlamına gəlməməlidir. O, ölkə əhalisinin müəyyən hissəsinin bu barədə təşvişini nəzərə alaraq bildirib ki, Üçtərəfli Bəyannamənin müddəasına əsasən, Azərbaycan tərəflərdən biri kimi 2025-ci ildə Rusiya sülhməramlılarını burada görmək istəmədiyinə dair fikrini bildirə bilər. Belə ki, Azərbaycan tərəfi artıq 2025-ci ilin iyunun 10-dan etibarən bu barədə fikrini açıq şəkildə bildirmək hüququna malikdir. Belə bir qərarın veriləcəyi təqdirdə, 2025-ci ilin noyabrın 10-dan sonra Rusiya sülhməramlılarının burada qalması mümkün deyil.

Region “işıqlandırılır”

Nəqliyyat dəhlizi heç şübhəsiz ki, ən vacib məsələ olmaqda davam edir. Bu məsələdə Ermənistan tərəfindən cavab gözlənilir. Çünki Azərbaycanın Zəngəzur dəhlizi məsələsində konkret mövqeyi bəllidir. Həmçinin bölgənin elektrik enerjisi ilə təchiz olunması üçün yeni perspektivlər yaranıb. Prezident İlham Əliyevin sözlərinə görə, buna Ermənistan da cəlb edilə bilər. Artıq İranla imzalanmış anlaşma memorandumunda elektrik kabellərinin keçidi ilə bağlı müddəalar əks olunub. Bölgədə dəmir yolları, hava limanları, avtomobil yolları ilə bərabər, elektrik xətlərinin çəkilməsi demək olar ki, yekunlaşmaq üzrədir. Bir sözlə, işğal vaxtı qaranlıq günlərini yaşamış Qarabağda tezliklə “işıqlı gələcək” bərqərar olacaq.

Həmçinin, ölkə başçısı 30 il ərzində Ermənistanın işğalı altında olmuş Tərtər çayının su ehtiyatından danışıb. Əvvəllər erməni tərəfi bu çayın qarşısını bağlamaqla ekoloji terror edirdisə, indi çay Azərbaycanın nəzarətindədir. Bu çay isə nəinki Qarabağı, ölkənin su problemi olan digər ərazilərini də su ilə təmin etməyə imkan verir.

Yeni idarəçilik modeli sınaqdan keçirilir

Prezident İlham Əliyevin daha bir diqqət çəkdiyi məqam işğaldan azad edilmiş ərazilərdə idarəetmə sisteminin yeni çağırışlara cavab verməsidir. Məhz bu səbəbdən ölkə başçısı ötən il çox mühüm iki sərəncam imzaladı. Əvvəlcə ötən ilin yanvarın 27-də Şuşa rayonu üzrə xüsusi nümayəndəlik təyin edildi. Bu posta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşavirlərindən biri işləmiş Aydın Kərimov təyin olundu. Daha sonra dekabrın 1-də imzalanmış Sərəncamla Ağdam üzrə xüsusi nümayəndəlik ləğv edilərək Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəlik yaradıldı. Bu vəzifə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçilərindən biri olan, Maliyyə Nazirliyində müavin işləmiş Emin Hüseynova həvalə edildi.

Ölkə başçısının verdiyi mesajlardan belə aydın olur ki, işğaldan azad edilmiş Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocavənd, Füzuli, Cəbrayıl rayonları üzrə də xüsusi nümayəndəlik yaradıla bilər. Hazırda bu nümayəndəliyin yaradılmamasının səbəbi isə hələlik o rayonlarda məskunlaşmanın olmamasıdır.

Bu model özünü doğrultduğundan, yaxın gələcəkdə icra hakimiyyəti sistemi ləğv olunacaq. Prezident İlham Əliyevdən sitat: “Mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq”.

Zəngilana qayıdış

Məcburi köçkünlər işğal olan torpaqların azad edilməsini nə qədər sevinirdilərsə, bir o qədər də qürur hissi sakinlərin öz dədə-baba yurdlarına qayıdacağı zaman olacaq. Çünki həmin günə çox az qalıb. Prezidentin sözlərinə görə, bu qayıdış ilk olaraq Ermənistanla sərhəddə yerləşən, Zəngəzurun bir hissəsi sayılan Zəngilanda gerçəkləşdiriləcək. Orada isə “ağıllı kənd” modeli tətbiq olunacaq. Bu innovasiya yalnız Qarabağda yox, Azərbaycanın digər ərazilərində də tətbiq olunacaq.

Ermənistan tərəfi isə bölgədə bu qədər inkişaf perspektivlərinin olduğu bir halda, bu məsələlərə müdaxilə etməməli və əksinə əməkdaşlıqda maraqlı olmalıdır. Prezidentin dediyi kimi, əks halda “bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir