Siyasət

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

Sharing is caring!

Cari ilin 12 noyabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır. Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir.

Belə bir taarixi şəraitdə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu.

Xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib Baş Sərkərdə kimi İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş Gününü ilk dəfə Şuşada, Cıdır düzündə Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş ölkənin Prezidenti ilə birlikdə qeyd etdi. Bu xüsusda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində növbəti addım oldu. Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu.

Şuşa Bəyannaməsində iki dövlət arasındakı əməkdaşlığın demək olar ki, bütün sahələrdə dərinləşdirilməsi nəzərdə tutulur. Bunun üçün də müəyyən vaxt çərçivəsində intensiv hazırlıqların aparılması tələb edilir. Bəyannamədə türk dünyasının inteqrasiyası, güclənməsi, türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi yönündə Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ilə bağlı çox önəmli, geosiyasi çəkisi çox böyük olan məqamlar da var. Məsələn, orada malların sərbəst dövriyyəsi məqamı yer alıb ki, istehsalatda önəmli dəyişikliklər olmadan bu, bir sıra problemlərə yol aça bilər.

İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir. Bunlar Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha qətiyyətlə aparmaqla bağlı dünyaya verilən mesajdır. Digər tərəfdən beynəlxalq miqyasda mövqeyimizin daha da möhkəmlənməsi deməkdir.Anar Sadatov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir