Siyasət

Prezidentin xüsusi nümayəndələri haqda açıqlama

Sharing is caring!

“Artıq işğaldan azad edilmiş rayonlarda abadlıq-quruculuq işlərinə başlanılıb. Bu işlərin daha da sürətləndirilməsi üçün ölkə Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” 19 yanvar 2021-ci il tarixli Fərmanı mühüm rol oynayacaq”.

XəbərAl.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, fərmanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə ölkə Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. 

“Artıq Fərmanın icrasına başlanılıb və Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Dövlət başçısı Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha xatırlatdı ki, azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu onun təşəbbüsü ilə yanvarın 19-da yaradılıb. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Belə bir institutun yaradılması 2018-ci ildən başlanan islahatların tərkib hissədir”.

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra həmin il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev hər bir sahə üzrə konkret proqram və planların olduğunu, qarşıdakı dövrdə islahatların dərinləşəcəyini, institusional islahatların həyata keçiriləcəyini bəyan etmişdi. “Dövlət başçısı demişdi ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik. Ölkə başçısı əminliklə bildirmişdi ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq. Baxmayaraq ki, son dövrdə kifayət qədər uğurlar, nailiyyətlər əldə edilib, ancaq biz bununla kifayətlənməməliyik”.

Ç.Qənizadə vurğulayıb ki, son illər ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Eyni zamanda, idarəçilik sistemində çevikliyi, operativliyi daha da artırıb və müasir çağırışlara uyğunluğu təmin edib. Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artırıb. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir