Siyasət

Memorandumun imzalanması tarixi hadisədir – Fəzail Ağamalı

Sharing is caring!

“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmamışdı və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həllinə etibarlı zəmin yaratdı. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, ötən gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fəzail Ağamalı deyib. Deputat bildirib ki, yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir:
“Memorandumun imzalanması tarixi hadisədir. Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.
Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır. Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Bu memorandumun imzalanması Xəzər dənizində bütün məsələlərin dialoq və əməkdaşlıq mühitində həll oluna biləcəyini sübut edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir