Siyasət

“Prezident İlham Əliyev Cənubi Qafqazın lideridir” – Partiya sədri

Sharing is caring!

“Birmənalı şəkildə söyləmək olar ki, 44 günlük müharibə meydanında və sonradan, noyabrın 10-dan dekabrın 1-dək keçən zaman kəsiyində Ali Baş Komandan qələbələri təmin edən və bu baxımdan müstəsna, əvəzsiz xidmətləri olan tarixi şəxsiyyət, xilaskar kimi özünü təsdiq etdi”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Deputatın sözlərinə görə, Prezident həm də sübut etdi ki, o, dediklərinə sadiqdir, torpaqlarımızın işğaldan azad edilməsi üçün qətiyyətli iradənin daşıyıcısıdır:

“Prezident göstərdi ki, özünün yüksək idarəçilik, diplomatik, siyasi və fenomenal manevr imkanlarına görə, nəinki ölkəmizdə alternativi olmayan rəhbərdir, həm də Cənubi Qafqazın lideridir. Həmçinin ölkə başçısı müdrik davranışları və uğurlu siyasəti ilə dünya miqyasında ən yüksək keyfiyyətləri özündə ehtiva edən liderlik səviyyəsinə qalxdı. Bu, birmənalıdır və təkcə bizim cənab Prezidentimizə olan sevgimizdən irəli gələn fikirlər deyil. Bu, obyektivliyi özündə əks etdirən, eyni zamanda dünyanın müxtəlif ölkələrində ayrı-ayrı şəxslər, politoloqlar tərəfindən verilmiş olan dəyərdir, qiymətdir. Düşünürəm ki, həqiqətən də cənab Prezident 44 günlük Vətən müharibəsində zəfər yürüşləri ilə torpaqlarımızın işğaldan azad edilməsinin təminatçısı, təşkilatçısı, rəhbəri və strateqi kimi Azərbaycan xalqının tarixində öz adını qızıl hərflərlə yaza bildi. Həmçinin sadalanan yüksək keyfiyyətləri ilə Azərbaycan xalqının ürəyində və qan yaddaşında xilaskar, qəhrəman kimi əbədi yer tutdu”.

Fəzail Ağamalı qeyd edib ki, bu gün hər bir azərbaycanlı ölkə rəhbəri ilə fəxr edir, qürur duyur: “Mən də eyni şəkildə fəxr edib qürur duyuram ki, mənim belə yüksək səviyyəli Prezidentim var. Allah onu qorusun. Yeri gəlmişkən, sabah Azərbaycan Prezidentinin doğum günüdür və fürsətdən istifadə edib Müzəffər Ali Baş Komandanı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona ən başlıcası can sağlığı arzulayıram. Çünki uca tanrı Azərbaycan rəhbərinə nə lazımdırsa, onları da verib. Allahdan arzu edirəm ki, Prezident möhkəm can sağlığı ilə xalqımızı bundan sonra da daha böyük uğurlara daşısın”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir