Siyasət

Dövlət başçısı: “Düşmənin hərbi cinayətləri ilə bağlı işlər praktiki fazaya keçib”

Sharing is caring!

“Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb:

“Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ “müstəqil dövlət”dir. Gah deyirdilər ki, “Dağlıq Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi savadsız, siyasətdən başı çıxmayan insanlardan ibarətdir.

Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, – hansı ki, heç kim tanımayıb, elə birinci Ermənistan tanımayıb, – o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistanın baş nazirinin sözləri ilə desək, “Ermənistandır və nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim qarşımızda duran ölkə”.

“Əlbəttə, biz bir daha görürük və artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər. Əks təqdirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirirdilər.

Hərbi cinayət törədirdilər və cavab verəcəklər bütün cinayətlərə görə. Artıq işlər praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır. Biz onları bundan sonra da ifşa edəcəyik”, – deyə Prezident əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, azad edilmiş torpaqlara xarici jurnalistlər dəvət olunur:

“Beynəlxalq media erməni vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, yandırıb, talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz.

Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı.

Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək.

İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb.

Ondan istifadə edirdi, bizim suyumuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir.

Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir. Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir