Siyasət

“Cəmil Həsənli ermənilərə satılmış xaindir” – Partiya sədri

Sharing is caring!

“Cəmil Həsənli və onun mənsub olduğu radikal qrup – avantürist, anarxist xarakterli şəxslər Azərbaycanı qarışdırmaq, ölkəmizdə xaos yaradaraq anarxiya törətmək layihələri üzərində yer alıblar”.

Bunu Azvision.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, son günlər Milli Şuradan konstruktiv müxalifətin ünvanına səslənən bəzi kəskin fikirlərin, dialoq müxalifəti adı altında digər partiyalara edilən hücumların anormal hal aldığını bildirib:

“Onlar ən müxtəlif səviyyələrdə iqtidarla xalq, iqtidarla bu gün konstruktiv mövqedə dayanan, onunla dialoqa maraq göstərən siyasi partiyalar arasında inamsızlıq toxumu səpməyə çalışırlar. Bu baxımdan konstruktiv müxalifətin üzərinə getməklə, onları ən müxtəlif şəkildə ittiham etməklə bir sıra hallarda hətta söyüş və təhqirlərlə iqtidarla dialoqdan yayındırmağa çalışırlar. Bu qüvvələrin bir məqsədi də odur ki, cəmiyyətdə konstruktiv müxalifət olanlar dövlətçiliyimizə və onun inkişafına öz töhfəsini verməsinlər. Yəni düşünürlər ki, bu baxımdan Azərbaycan töhfələrdən, xidmətlərdən məhrum olsa, daha yaxşı olar”.

Fəzail Ağamalı deyib ki, iqtidarla dialoqa hazır olan müxalifət arasında problem yaratmağa çalışan radikal kəsim, marginallar AXCP rəhbərini sanki bütləşdirirlər: “Bu adamlar düşünürlər ki, konstruktiv mövqe sərgiləyən müxalifət nümayəndələri Əli Kərimli kimi anarxist mövqe tutsalar, əsl müxalifət olarlar. Onlar barışmaz xarakter daşıyan bir müxalifət kimi çıxış edirlər və beləliklə, həm də ona cəhd edirlər ki, digər normal mübarizə aparan müxalifət partiyalarını bu yola sürükləyib öz tərəfdarlarını və çevrələrini genişləndirsinlər. Cəmil Həsənli bu gün bütün mahiyyəti ilə ermənilərə satılmış olan xain bir insandır. Xatırlayırsınızsa, Tovuz ətrafında gedən döyüşlərdə çıxıb bir kəlmə də olsun milli maraqlarımıza xidmət edən fikir səsləndirmədi, erməni təxribatlarının əleyhinə söz söyləmədi, tərəfdarlarını xalqa, millətimizə dəstək olmağa çağırmadı. ABŞ-da yaşayan bu insan elə oradan da aksiyalar keçirən vətənpərvər insanların içərisində görünmədi. Ermənistanın işğalçılıq siyasətini ifşa edən, təcavüzkarlığını göstərən soydaşlarımızın içində yer almayan biri indi kimlərəsə dialoq müxalifəti deyib dilmi uzadır? Bir daha deyirəm, özünə “vətənpərvər” deyən bu şəxs həmin dövrdə pusquda dayandı, gizləndi, amma meydanlarda görünmədi. Kimin arxasında gizlənməsi bəllidir. Bu, erməni lobbisi, ümumilikdə erməni xalqıdır. Hərdən oradan başını çıxardır, Azərbaycana qarşı iftiralar, böhtanlar yağdıraraq xəyanətkar mövqeyini ortaya qoyur”.

Deputatın sözlərinə görə, bu cür mövqenin müqabilində Milli Şura sədri müəyyən vəsaitlər alır, özünün normal həyatını, yaşayışını təmin edir: “Budur Cəmil Həsənli. Ona görə də artıq satılmış radikalların bu və buna bənzər fikirlərini ciddiyə almaq lazım deyil. Xüsusən də Milli Şura deyilən, əslində isə mahiyyət etibarilə anti-milli olan bu şurada olanlar xalq içərisində heç bir nüfuza malik deyillər. Onların videokonfranslar keçirib özlərini çox gülünc vəziyyətdə qoymaları, qeyri-ciddi davranışlar nümayiş etdirmələri, hətta əxlaqdan, mənəviyyatdan kənar fikirlər səsləndirmələri hansı xislətə malik olmalarını bir daha göstərdi. Düşünürəm ki, konstruktiv müxalifətdən kimin ünvanına Cəmil Həsənli tərəfindən iradlar səslənibsə, reaksiya verib, bu qərəzli münasibəti cavabsız qoymamalıdırlar. Cəmil Həsənlinin zamanı çoxdan bitib. Onu Azərbaycan daxilində himayə edən Əli Kərimlinin də zamanı çoxdan gedib. Tovuzdakı döyüşlər sübut etdi ki, bu dialoq, seçki əvəzinə xaos, iğtişaş, mitinq tərəfdarı olan radikal qrupu maliyyələşdirən erməni lobbisinin, erməni diasporunun da zamanı sona çatmadadır. Çünki bu döyüşlər Ermənistana həm hərbi baxımdan ciddi və sarsıdıcı zərbələr vurdu, həm də siyasi baxımdan. Ermənistan dünya miqyasında ciddi şəkildə nüfuzdan düşdü. Bunun müqabilində Azərbaycan həmin döyüşlərdən xeyli dərəcədə güclənmiş vəziyyətdə çıxdı. Qısası, düşünürəm ki, Milli Şuradakıların son zamanlar səsləndirdikləri anormal ittihamlar onların son akkordlarıdır. Tezliklə, Allahın da köməkliyi ilə milli ordumuz, qəhrəman zabit və əsgərlərimiz işğal altındakı torpaqlarımızı azad edər, Azərbaycanın ərazi bütövlüyü təmin olunar. Ondan sonra radikallar, vaxtından əvvəl xoruz kimi banlayanlar işğalçı ağaları kimi öz acı taleyini yaşayarlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir