Siyasət

“ABŞ Arazdəyəndə metallurgiya zavodu tikməyə hazırlaşan şirkətin qanunsuz fəaliyyətinə göz yummamalıdır” – RƏY

Sharing is caring!


“Ermənilərin Naxçıvanla sərhəddə tikintisinə başladığı müəssisənin tullantılarının Araz çayına axıdılmasından narahatıq.

ABŞ Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkətin qanunsuz fəaliyyətinə göz yummamalıdır”.

Bunu “Report”a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O, dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıb.

Sədr bildirib ki, erməni mediasının yazdığına görə, Ermənistan ABŞ şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır:

“Məlumata görə, zavodun tikintisinə 70 milyon dollar yatırılacaq. Sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq. Zavodu tikən “GTB Steel” şirkəti iddia edib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ancaq bu inandırıcı deyil. Çünki yerli ekofəallar da buna etiraz edir. Bizim narahatlığımız odur ki, bu müəssisə böyük ehtimalla zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq”.

QHT sədri nəzərə çatdırıb ki, Ermənistan bu addımı atmaqla “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyasını kobud şəkildə pozub:

“Ermənistanın da imza atdığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Lakin təcrübə göstərir ki, Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur”.

E.Cəfərlinin sözlərinə görə, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına barbarcasına yanaşıb:

“Yeraltı və yerüstü sərvətlərimiz talanıb. İşğal altında olan Qarabağ və Şərqi Zəngəzur ərazilərində torpağa zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımıza axıdılıb. Transərhəd Oxuçay ekoloji fəlakət zonasına çevrilib. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı çirkləndirir. Hesab edirik ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vuracaq. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edən təsərrüfatlar üçün təhlükə mənbəyidir. Metsamor AES-in, Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının mənfi təsirlərinə məruz qalmaqdan xilas olmadan yeni bir təhlükə qapımızı döyür. Arazdəyən metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq. Belə ki, həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir”.

Təşkilat rəhbəri Araz çayının onsuz da Ermənistan tərəfindən kifayət qədər çirkləndirildiyini xatırladıb:

“Çayın sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan İrəvan, Çarensavan, Abovyan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və məişət tullantıları bu çaya atılır. Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə, Araz çayında çirklənmə səviyyəsi daha da artacaq. Çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. Bölgə sakinləri arasında müxtəlif xəstəliklər yayılacaq. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi ekotəhdidlə üz-üzə qalacaq. Bölgədə ağır sənaye zavodunun tikilməsi geniş zolaqda havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək. Biz dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Ermənistandakı ekofəallar bu məsələyə ciddi etiraz etməli, hökuməti bu ekocinayətə son qoymağa məcbur etməlidirlər. Bu məsələdə Amerika hökumətinin üzərinə böyük məsuliyyət düşür. ABŞ Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkətin qanunsuz fəaliyyətinə göz yummamalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir