Siyasət

Baş konsul: “Azərbaycan-Türkiyə əlaqələri ölkə prezidentləri tərəfindən yüksələn xətlə inkişaf etdirilir”

Sharing is caring!


“Azərbaycanla Türkiyə arasında tərəfdaşlıq, müttəfiqlik əlaqələri iki ölkənin Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksələn xətlə inkişaf etdirilir”.

“Report”un məlumatına görə, bunu Türkiyənin muxtar respublikadakı Baş konsulu Asip Kaya Naxçıvan Universitetində 19 May – Atatürkü anma, Gənclik və İdman Günü münasibətilə keçirilən tədbirdə deyib.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Universiterinin rektoru, dosent Anar Kazımov 19 may gününü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyənin dövlət quruculuğu yolunda oynadığı mühüm roldan, əbədiyaşar ideyalarından bəhs edib. O, Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından da danışıb.

Baş konsul Asip Kaya çıxışında Türkiyənin milli azadlıq mübarizəsindən danışıb. Baş konsul deyib ki, Mustafa Kamal Atatürkün 104 il öncə mayın 19-da Samsunda yandırdığı istiqlal məşəli Ərzurumu, Sivası, Ankaranı, bütün Anadolunu dolaşıb, böyük zəfəri və Cümhuriyyətin elanını mümkün edib. Azərbaycanla dostluq, qardaşlıq münasibətlərini hər zaman ön planda saxlayan Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyərək xalqlarımız arasındakı münasibəti tam şəkildə ifadə edib. Hər iki dahi lider – həm Mustafa Kamal Atatürk, həm də ulu öndər Heydər Əliyev Türkiyə və Azərbaycanın qardaşlaşması, dostlaşması yolunda böyük işlər görüblər. Bu gün tərəfdaşlıq, müttəfiqlik əlaqələri ölkə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksələn xətlə inkişaf etdirilir.

İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna diqqət çəkən Asip Kaya Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən Türkiyə-Azərbaycan müttəfiqliyini, ən çətin zamanlarda bir-birinə göstərdikləri mənəvi dəstəyi bu qardaşlığın dünyaya bəyanı kimi səciyyələndirib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış ediblər. Çıxışlarda Mustafa Kamal Atatürkün və Heydər Əliyev ideyalarının əhəmiyyətindən, xalqlarımızın mehriban qardaşlıq münasibətlərindən danışılıb, hər iki liderin əsasını qoyduğu dövlət gənclər siyasətindən, türk dünyasının dahi öndərlərinin irsinin daha dərindən öyrənilməsinin zəruriliyindən söhbət açılıb.

Sonra bədii kompozisiya təqdim edilib, Naxçıvan Universitetinin tələbələri, o cümlədən burada təhsil alan türk tələbələr milli geyimlərdə rəqslər edib, vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi nömrələri səsləndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir