Siyasət

Danışıqlar, sülhü əngəlləyən amillər və Ermənistanın başına gələn hava – ŞƏRH

Sharing is caring!


Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər-Basarkeçər istiqamətindəki atışmalar bir neçə gündür ki, davam edir.

Ermənistan artıq zərbə dronlarından istifadə edir, Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə ilk dəfə belə bir məlumatı mayın 12-də açıqladı.

Zərbə dronlarının hansı ölkənin məhsulu olduğu isə məlumdur, lakin bu, Azərbaycanla Ermənistan orduları arasındakı kəskin balans fərqini və geosiyasi nəticələri dəyişə biləcək gücdə deyil.

Ermənistan nəyə güvənirsə, o, etibar qazanmır, amma onda yenə də bu mövqe var ki, bəlkə Bakı-İrəvan arasındakı ali səviyyəli danışıqlar zamanı hansısa nəticə qazana bilər.

Ancaq elə hərb meydanında Ermənistan məğlubiyyəti məğlubiyyətə calayır, elə son insidentlərdə də Azərbaycan Ordusu qarşı tərəfin hərbi infrastrukturunu, dron idarəetmə məntəqəsini dəqiq zərbələrlə məhv edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə gözlənilən görüşə sərhəddəki toqquşmaların yaratdığı nəticələr də təsir edəcək.

Ermənistan ağlasığmaz şeylərə inana bilər, amma Azərbaycanın regional habyaratma qabiliyyəti və qlobal teatrdakı yeri İrəvanın düşündüyü “reallıqlardan” qat-qat üstündür.

İrəvan indi kompromis və barışıq üçün böyük jest etməlidir və bunu Brüssel danışıqlarında daha aydın, konkret şəkildə göstərməlidir. Əks təqdirdə Azərbaycan və onun mövqeyinə uyğunlaşan regional reallıqların çərçivələri Ermənistanın boynuna yoğun bir kəndir atacaq.

Görünür ki, elə belə də olacaq, çünki Azərbaycanla Ermənistan arasındakı hərbi ritorikanın qalması sülh gündəliyini relsdən çıxarmağa davam edir. Danışıqlarda tərəflərin əllərini gücləndirmək məqsədilə gedişlər etmələri normaldır, ancaq bu, yekun sülhə xidmət formatında qurulmalıdır.

Ermənistan isə hələ də özünün işğalçı siyasətindən imtina etdiyini açıqlamayıb, buqələmun kimi şəraitə uyğun dəyişərək gah sülhdən, gah da müharibədən dəm vurur.

Bundan əlavə, danışıqlar platformasındakı coğrafi və siyasi fərqlər, müzakirələrdə Rusiyanın, Qərbin kəskinləşən rəqabət tonu sülh proqramındakı ziddiyyətləri körükləyir.

Yəni danışıqların maksimal uğura çatmamasında vasitəçilərin çoxluğu rol oynayır, ancaq prosesə onların ziddiyyətli maraqlarının toqquşması daha çox təsir göstərir. Hərçənd ki, Azərbaycan, onsuz da, bütün platformalarda mövqelərini bərkidir və ağlabatan nəticələr ala bilir.

Ancaq Ermənistan vasitəçilərin hansısa bir ifadəsinə və ya ziddiyyətli görünən mövqelərinə arxalanaraq revanşist meyilləri siyasətinin mərkəzinə gətirir ki, bu da sülhün qalıcılığı üçün təhlükədir.

Vəziyyəti nə qədər “hərb və sülh” formulu ilə izah etməyə arqumentlər çox olsa da, danışıqların olmasının və intensivliyinin özü hələ də yekun sülhə olan ümidləri öldürmür.

Bu mənada Brüsseldəki danışıqlar və ardınca gözlənilən Moskva müzakirələrindən böyük nəticələr gözlənilməsə də, müəyyən mübahisə doğuran detalların razılaşdırılması üçün mövqelər yaxınlaşacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir