Siyasət

Heydər Əliyevin fotoqrafı fəaliyyətə başlamasının tarixçəsini danışıb – FOTO

Sharing is caring!


“Heydər Əliyev dahilərin dahisi idi. Mən xoşbəxt insanam ki, nə az, nə çox, düz 10 il, 1993-2003-cü illərdə o böyük insanın fotoqrafı olmuşam”.

Bu sözləri Daxili Qoşunların Qubadakı hərbi hissəsində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən qocaman fotoqraf Rafiq Bağırov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Rafiq Bağırov ilk olaraq Heydər Əliyevin fotoqrafı kimi fəaliyyətə başlamasının tarixçəsini danışıb:

“1993-cü ildə Azərbaycan Dövlət Televiziyasında kino lentlərinin aşkarlanması sexinin rəhbəri vəzifəsində işləyirdim. Həmin vaxt şəxsi maaşımdan hər ay qənaət edib özümə o dövr üçün ən müasir sayılan fotoaparat kolleksiyası  toplamışdım. Həm də rəngli fotolar çəkən ilk fotoqraf idim. Bir gün mənə Ali Sovetdən (İndi Milli Məclis adlanır -red.) dəvət gəldi. Heydər Əliyev həmin vaxt Ali Sovetin deputatı, həm də prezidentliyə namizəd idi. Mənə onun seçki kampaniyası üçün portretlərin çəkilməsi işi həvalə edilirdi.

Düzü, mən əvvəl etiraz etdim, özümü hec cür Heydər Əliyev kimi böyük rəhbərlə işləməyə layiq bilmirdim. Bu, böyük məsuliyyət idi. Nəhayət, razılaşmalı oldum. Heydər Əliyevin namizədlik kampaniyasında təbliğat-təşviqat, reklam xarakterli bütün portretləri mən hazırladım. Portretlərə baxan Heydər Əliyev məni yanına çağırdı. Əl işlərimi bəyənmişdi. Mənə bir cümlə dedi: Mənimlə işləyəcəksən”.

Rafiq Bağırov deyir ki, elə o vaxtdan, yəni ulu öndər prezident seçiləndən sonra Azərbaycan Prezident Aparatının Mətbuat Xidmətinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

Rafiq Bağırov düz 10 il Heydər Əliyevin fotoqrafı kimi çalışmağından indi çox ehtiramla danışır.

On il ərzində o əvəzolunmaz insanla olduğu bütün səfər və görüşlərin indi gözləri önündən kino lenti kimi keçdiyini söyləyir. Onunla heç bir görüşünü isə fərdi olaraq danışmaq istəmir. 

Bildirir ki, Heydər Əliyev çox güclü və fenomen şəxs olub:

“Onunla getdiyim, fotolentə köçürdüyüm bütün görüşlər mənim üçün yaddaqalan, unudulmazdır. Heç bir səfərimizdən ayrıca danışa bilmərəm, çünki bütün görüşlər fərqli və orijinaldır”.

R.Bağırov Heydər Əliyevin fotoqrafı işlədiyi illər ərzində mərhum prezidentin hərtərəfli səliqəli, mədəni, elit, xeyirxah şəxsiyyət olduğundan da söz açıb:

“Rəhmətlik Heydər Əliyev mənə icazə vermişdi, çəkilişlər zamanı geyimində, hərəkətlərində hər hansı nöqsan olsa, özünə deməyi tapşırmışdı. Amma, inanın, bu 10 ildə çəkilişlər zamanı Heydər Əliyevə heç bir irad bildirmədim. Buna ehtiyac olmadı. O evdən elə səliqəli çıxardı ki, geyimində, üst-başında heç bir çatışmazlıq, nöqsan olmazdı”.
Rafiq Bağırov ona ünvanladığımız “Siz Heydər Əliyevi sonuncu dəfə nə vaxt görmüsünüz?“ sualını isə belə cavablandırıb:

“2003-cü ildə Heydər Əliyevi TürkiyədənABŞ-yə yola saldıq, həmin gün təyyarəyə minəndə son fotosunu çəkmişdim”.

On il Heydər Əliyevi görüş və səfərlərdə müşayiət etmiş Rafiq Bağırov o işıqlı insanın vəfatı xəbərini nə vaxt eşitməsindən də söz açıb:

İlham Əliyevlə İsveçrədən qayıdırdıq, təyyarədə bu acı xəbəri eşitdik. Təbii ki, çox sarsıldım. Ən əziz adamını itirən insan necə olur, o vaxt mən də elə oldum”.

Hazırda ömrünün 76-cı baharını yaşayan Rafiq Bağırov Heydər Əliyevin vəfatından sonra artıq Azərbaycan Prezidenti olan İlham Əliyevin 2006-cı ilədək fotoqrafı olduğunu deyib. 

Onun sözlərinə görə, hələ Heydər Əliyevin sağlığında – 2002-ci ildə foto çəkilişini rəqəmsal üsulla aparırmış:

“2006-cı ildə mənə 10 il ərzində Heydər Əliyevin fotolentə aldığım bütün şəkil və portretlərinin rəqamsal sistemə salınması işi tapşırıldı. Bu işi çox yüksək səviyyədə həyata keçirdim, Prezidentin mətbuat xidmətində bu və digər texniki işləri aparmaqla 2016-cı ilədək işlədim və təqaüdə çıxdım”.

Rafiq Bağırov fikirlərini “Heydər Əliyev kimi insanlar tarixdə az-az yetişir. Heydər Əliyev kimi dahilər cismən həyatdan getsələr də, onlar əbədi günəş kimi insanların qəlbində, xatirələrində yaşayırlar”, – sözləri ilə yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir