manset Siyasət

“Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur” — Deputatdan nazirə SƏRT ETİRAZ

Sharing is caring!

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib. 

Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarov öz fəaliyyətində Prezident İlham Əliyevin işğalçı Ermənistana qarşı apardığı “hücum diplomatiyası”na adekvat ola bilmir:

“Mənim Elmar Məmmədyarovla şəxsi münasibətlər baxımından zərrə qədər hər hansı problemim yoxdur. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ancaq mən onu səriştəsiz fəaliyyətinə görə Milli Məclisin iclaslarında bir neçə dəfə tənqid etmişəm. Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatını oxuyanda baxın görün nələr baş verir! Sanki Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini malalamaqla məşğuldur. Axı işğalçı ölkəyə qarşı belə “dişsiz” və qorxaq bəyanat olmaz! Biz işğala məruz qalmış ölkəyik. Ancaq xarici işlər nazirimiz nədənsə ehtiyyatlı və qorxaq açıqlamalar verir. Əgər bu gün cənab Prezident işğalçı ölkəyə qarşı açıq şəkildə tutarlı sərt və cəsarətli mövqe ortaya qoyaraq, Nikol Paşinyanı susdurursa, o zaman niyə xarici işlər nazirimiz buna uyğun davrana bilmir? Əslində, ölkə Prezidenti hər bəyanatı verməli deyil. Bu, bütün dünyada qəbul olunmuş təcrübədir. Ölkə Prezidentinin demək istədiyi fikirləri xarici işlər naziri, millət vəkilləri deməlidir. Mən hər zaman olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin “hücum diplomatiyası”nı birmənalı şəkildə dəstəyirəm. Bu baxımdan düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də öz fəaliyyətində ölkə Prezidentinin “hücum diplomatiyası”nı əsas götürməli və malalama mövqeyindən əl çəkməlidir”.

Deputat həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına ümid yaradan açıqlama verməsi müsbət haldır:

“Nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində çox ciddi rol oyanyır. Münaqişənin həllinin açarı da məhz Kremlin seyflərindədir. Bu baxımdan Sergey Lavrovun sözügedən açıqlaması Azərbaycan cəmiyyətində ümid yaradıb. Ancaq bu bəyanatın ardınca Ermənistanın xarici işlər naziri çox həyaysızcasına bildirib ki, Azərbaycan torpaqları işğaldan azad edilməyəcək. Bu cür açıqlama həm də dövlət başçıları səviyyəsində aparılan sülh danışıqları fonunda erməni riyakarlığını və Ermənistan dövlətinin faşist düşüncəsini bir daha ortaya qoydu. Əlbəttə ki, Emənistan xarici işlər nazirinin bu cür səfeh açıqlamasına Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən çox tutarlı cavab verildi. Hikmət Hacıyevin cavab açıqlamasında Ermənistanın xarici işlər nazirinə qarşı kifayət qədər tutarlı və sərt arqumentlərlə fikirlər var. Lakin çox təəssüf ki, biz bu cür tutarlı cavabları Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında görmədik. Əvəzində isə Azərbaycanın Xarici İşlər Nazirliyi əvvəlki ənənələrinə uyğun olaraq yenə də standart və ehtiyyatlı sözlərlə işğalçı ölkəyə qorxaq cavab bəyanatı verdi. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi daha cəsarətli, çəkindirici və sərt olmalı idi”.

Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycnın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verib. Bunun ardınca isə Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək, Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib.

Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ehtiyatlı və qorxaq açıqlamalar verməklə, cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir