Siyasət

“Ermənilər anlayırlar ki, danışıqlarda onların təhlükəsizliyi və təminatı müzakirə olunur” – ŞƏRH + FOTO

Sharing is caring!

“Qarabağda yaşayan ermənilərlə görüş önəmli hadisədir. Bu göstərir ki, Azərbaycan öz suverenliyini artıq Qarabağın ermənilər yaşayan ərazilərinə də yaymağa başlayıb”.

Bu sözləri Oxu.Az-a politoloq Qabil Hüseynli Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədovun bu gün Xocalı şəhərində onlarla görüşməsindən danışarkən deyib. Qabil Hüseynli düşünür ki, vaxtilə Azərbaycanın mərkəzi hakimiyyətinə separatçı mövqe sərgiləyən şəxslərin təsiri ilə yolunu azmış ermənilər yenidən ölkə vətəndaşlığına qaytarılırlar:

“Bu danışıqlar Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn tələbləri əsasında həyata keçiriləcək. Artıq danışıqların dinc fazası başlayıb. Erməni sakinlər adından çıxış edən şəxs orada yaşayan erməni ictimaiyyətinin nümayəndəsidir və qondarma qurumun rəhbərliyinə daxil deyil. Üstəlik, ermənilər yaxşı anlayırlar ki, danışıqlar prosesində daha çox onların təhlükəsizliyi və təminatı məsələsinə diqqət yetiriləcək. Reinteqrasiya prosesinin başlaması, ermənilərə Azərbaycan pasportlarının verilməsi də geniş müzakirə olunacaq. Həmin bölgənin kommunal təminatları, insanların ilkin istehlak məhsullarına olan tələbatları Azərbaycan tərəfindən ödəniləcək. Həmin bölgədə əsas dövriyyə vasitəsi Azərbaycan manatı olacaq. Bütün bu proseslər üçün müəyyən danışıqlar marafonu baş verəcək. Danışıqların sonunda isə qeyd olunan planların reallaşmasını görəcəyik”.

Qabil Hüseynli Vətən müharibəsindən öncəki vəziyyəti xatırladıb və vurğulayıb ki, indiki durumla müqayisə etsək, Azərbaycan ərazi bütövlüyünü də bərpa edib, bu ərazilər üzərində suverenliyini tam bərpa etmək yolunda addımlara da başlayıb:

“Çətin və ağrılı proses olsa da, inanıram ki, biz həmin ərazidə yaşayan sıravi erməni vətəndaşlarla dil tapa biləcəyik. Onların yenidən Azərbaycan qanunlarına tabe olmasını yoluna qoyacağıq. Danışıqlar düzgün istiqamətdədir. Müəyyən mərhələyə qədər danışıqların aparılması bu tərkibdə davam edə bilər. İrəliləyən zamanda səlahiyyətli nümayəndələrin tərkibi genişləndirilə bilər. Bu, Azərbaycanın sırf daxili işidir, Ermənistan bu prosesə qarışmaq hüququna malik deyil. Ermənistan yalnız Azərbaycanla sülh müqaviləsi ətrafında danışıqlar apara biləcək. Müqavilənin mətninə isə Qarabağın ermənilər yaşayan hissəsi haqqında hansısa müddəa salınmayacaq”.

Qeyd edək ki, martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir