Siyasət

Zəlzələ və siyasət: Ankaranın rəqibləri aktivləşəcəklər, müxalifət dövlətə dəstək verəcək – TƏHLİL

Sharing is caring!

Türkiyədəki güclü zəlzələnin ortaya qoyduğu fəlakətli nəticələr Ankaranın xarici siyasət prioritetlərinin icrasında axsamalarla müşayiət oluna bilər.

Türkiyə, təbii ki, qlobal məkanda yaranan geosiyasi boşluqlara sızaraq oyunçuluq qabiliyyətini yüksəltmək iddialarından vaz keçmir.

Ancaq ölkədə yaranmış faciəli mənzərə, humanitar fəlakət xarici siyasətdəki məqsədlərdən müvəqqəti yayınmalara gətirib çıxarmaq həddindədir.

Türkiyənin rəqibləri zəlzələdən sonra ölkə daxilində əlavə təxribatların müəllifi ola bilərlər. İkinci tərəfdən, onlar Ankaranın Yaxın Şərq, Cənubi Qafqaz, Afrikadakı maraqları ilə ziddiyyət təşkil edən proseslər üçün fürsət axtaracaqlar.

Gümanla, bunlar bir-birilə zəncirvari bağlılıq formasında təzahür edəcək, ancaq Türkiyə özünün strateji maraqlarından qopmayacaq.

Türkiyənin strateji hədəfləri istiqamətindəki ləngimələrdən PKK istifadə etməyə cəhd göstərə bilər. PKK himayədarlarının dəstəyi ilə Suriya və İraqda təxribat zonasını genişləndirməyə can atmaq eşqi ilə alışıb-yanır.

Hərçənd ki, PKK-nı Türkiyəyə qarşı qılınc kimi istifadə etməyə çalışan ölkələr belə, Ankaraya humanitar yardımlar edirlər və zəlzələ fəlakətinin aradan qaldırılması üçün səylər göstərirlər. 

Bu, dövlət etikasıdır və Ankara da gələcəkdə qarşılığını verəcək. Ancaq strateji stereotiplər qalmaqdadır ki, humanitar böhran məqsədlərini həyata keçirmək üçün rəqiblərə şans verir.

Türkiyə zəlzələnin vurduğu zərərlərin xarici siyasətdə əks-səda verməməsi üçün ölkə daxilində qabaqlayıcı tədbirlər görməli və zərərçəkənlərə kompensasiya ödənişini, yenidənqurma işlərini sürətli proqramla icra etməlidir.

Türkiyə imkanı yaxşı olan ərəb ölkələrindən külli miqdarda yardım ala bilər, bu siyahıya Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Artıq müəyyən məbləğlərdə yardımlar da edilib, lakin bunun davamlı olacağını söyləyə bilərik.

Türkiyə ölkə daxilində və xaricdəki prioritetlərini qorumaq üçün öz strateji müttəfiqi Azərbaycanla, əlaqələrdə yeni səhifə açdığı İsraillə məlumat mübadilələrini genişləndirə bilər.

Üç ölkənin Cənubi Qafqaz regionundakı üçtərəfli maraqları Azərbaycan-Ermənistan münasibətlərindəki kor düyünlərin açılmasına köklənə bilər. Çünki bu düyünlərin açılmasını istəməyən İran vəziyyəti regional eskalasiya nöqtəsinə gətirir.

Türkiyəyə və Azərbaycanın strateji maraqlarına dəstək olan güclər yeni alovlanmanın qarşısını almaqdan ötrü bir sıra addımlar atacaqlar.

Azərbaycanın edə biləcəyi güclü informasiya əməliyyatları hazırlayıb ona qarşı olan gücləri ifşa etmək, paralelində isə Silahlı Qüvvələri hazırlıq vəziyyətində saxlamaqdır. Bu paralel Azərbaycana qarşı oyun qurmaq istəyənlər üçün real effekti ola biləcək konsepsiyadır.

Beləliklə, Türkiyədəki zəlzələ fürsətcillər üçün göydəndüşmədir və onlar rəqabətin arealını müxtəlif səviyyələrə qaldırmaqda maraqlıdırlar.

Türkiyə müxalifəti isə Ankaranın xarici siyasətinə dəstək verir, hərçənd ki, üzdə bir sıra tənqidlər səslənir. Müxalifət ona görə dəstək vermək məcburiyyətindədir ki, strateji maraqlar ölkənin xarici siyasətindəki təməldir və bu bünövrəni sarsıtmaq Ankaranı oyunçuluqdan kənarlaşdırar. Türkiyə isə strateji oyunçu olmaq məcburiyyətindədir.

Birincisi: Ölkənin yerləşdiyi coğrafiya qarışıq və mürəkkəb proseslərlə zəngindir;

İkincisi: Xaricdən Türkiyənin özünə yönəlmiş əlavə cəbhələr açılır.

Türkiyə aktor kimi qalmaqla bunların öhdəsindən gəlir və müxalifət də bunu gözəl anlayır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir