Siyasət

Qaqauziya başqanı Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçılarını qəbul etdi – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Moldova Respublikasında “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu çərçivəsində Moldovada səfərdə olan Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı səfər çərçivəsində Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlah ilə görüşüblər.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qaqauziyaya münasibətini yüksək dəyərləndirən İrina Vlah bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu tədbirlər davam etdirilir. 

Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən 650 yerlik yeni məktəbin inşa olunduğunu qeyd edərək, bu kimi təşəbbüslərin iki ölkə arasında dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Öz növbəsində, Toğrul Allahverdili yüksək səviyyəli görüşə görə Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaha təşəkkür edib. 

Toğrul Allahverdili Azərbaycan və Moldova gəncləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, eləcə də Xankəndi-Laçın yolunda hazırda davam edən “eko-aksiya” barədə ətraflı məlumat verib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Qaqauziya ilə türk dövlətlərinin media əlaqələrinin inkişaf perspektivlərindən danışıb. 

“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı Heydər Əliyev ili çərçivəsində nəzərdə tutulan layihələrdə qaqauz gənclərini görmək istədiklərini xanım Vlahın diqqətinə çatdırıb. 

Görüşün sonunda Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaha “Təşəkkürnamə” və Azərbaycanın milli hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
 
Görüşdə Azərbaycanın Moldovadakı Səfirliyinin Birinci Katibi İlqar Fərəcov da iştirak edib. 

Daha sonra heyət Ulu Öndər Heydər Əliyevin Komrat şəhərində ucaldılan büstünü ziyarət edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir