Siyasət

İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış üçün yeni mərhələdə qarşıya qoyulmuş hədəflər…

Sharing is caring!

İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış üçün yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapdı. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılıb.

Azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.

Könül İsmayılova – Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir