Siyasət

Xalqın birlik və həmrəylik səsi

Sharing is caring!

Şuşa-Xankəndi yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin və fəalların erməni separatçıları və onların xarici havadarları tərəfindən ölkəmizin faydalı qazıntı yataqlarının həyasızcasına talanmasına, bölgənin ekologiyasına zərər vurulmasına qarşı dinc etiraz aksiyası davam edir. Bir neçə gündür havanın soyuq olmasına baxmayaraq, aksiyaçıların sıraları seyrəlmir, əksinə, artır. gecə-gündüz davam edən aksiyaya qoşulanların sayı durmadan artır. Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirmişlər.

        Aksiya iştirakçılarının mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarları dayanmaq bilmirƏsasən gənclərdən ibarət olan etirazçılar ölkəmizin mütəxəssislərinin, dövlət qurumlarının təmsilçilərinin qeyri-qanuni istismar edilən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına buraxılmalarını istəyirlər.

       Təbii yataqlarda vəziyyət acınacaqlıdır. Qızılbulaq yatağının əksər hissəsinin istismar olunduğu ehtimal edilir. Əraziyə baxış keçirilməsi və monitorinq aparılması nəticəsində dəymiş ziyan müəyyənləşdirilə bilər. Buna görə də dekabrın 10-da Azərbaycanın ixtisaslaşmış idarələrinin əməkdaşları əraziyə getmək istəmişdilər. Ancaq Qarabağda yaşayan ermənilərin bəziləri, çox güman ki, separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın təhriki ilə aksiya keçirərək, ekoloji monitorinqin aparılmasına mane oldular.

       Təbii ki, həmin yataqların istismarının arxasında məhz Ruben Vardanyan və onun əlaltıları dayanırlar. Hətta rusiyalı ekspertlər də bildirirlər ki, bu erməni biznesmen Qərbin sanksiyalarından ehtiyatlanaraq, var-dövlətini xilas etmək üçün Rusiya vətəndaşlığından imtina edib.

Xatırladaq ki, 30 il öncə Qarabağda–Azərbaycan torpaqlarında məskunlaşan, qonaq olduqları halda ev sahibinə meydan oxumaq xülyasına düşən ermənilər İrəvanın dəstəyi ilə bu torpaqlara sahiblənməyə cəhd etsə də, 44 günlük Vətən müharibəsində darmadağın edilərək bütün dünyada rüsvay olmuşlar. Ermənilərin bu aqibəti bir daha göstərdi ki, gəmidə oturub gəmiçi ilə dava edənləri  gəmidən tullamaq o qədər də çətin deyil.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ müstəvisində həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri də Ermənistanın ekoloji cinayətlərini diqqətə çatdırmaq olub. Müxtəlif beynəlxalq təşkilatların toplantılarında iştirak edən ölkəmizin nümayəndə heyətinin üzvləri Ermənistanın işğalı nəticəsində meşələrə ciddi zərər vurulması faktını qabardıblar. Bu mənada xalqımız 2022-ci ilin 12 dekabrında birlik və həmrəylik nümayiş etdirdi.  

Elşad Əmənov,

Cəlilabad rayonu, Şatırlı kənd tam orta məktəbinin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir