Siyasət

Əliyev-Ərdoğan-Berdiməhəmmədov görüşündə vurğu ediləcək məsələlər – TƏHLİL

Sharing is caring!

Azərbaycanla Avro-Atlantik məkan arasında iqtisadi-siyasi münasibətlərin tempi yüksələn xətlə inkişaf etsə də, enerji məsələlərinin mərkəzinə bir sual gəlir: Görəsən, Azərbaycan Avropanın enerji təchizatında payını artırmağa nail ola biləcəkmi?

Prezident İlham Əliyevin Türkmənistana səfəri bu tapmacaya cavab tapmaq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Sərdar Berdiməhəmmədov – Türkmənbaşı şəhərində Birinci Üçtərəfli Zirvə Görüşü öz enerjisini elə enerji resursları ilə bağlı yaranan çağırışlardan götürür.

Rusiya-Ukrayna müharibəsinin enerji bazarlarında ərsəyə gətirdiyi tektonik çatlar fonunda Avropa bazarları Azərbaycanın neft-qaz yataqlarına gözünü dikir və Bakı da qaz hasilatının artırılması üzrə öhdəlik götürməklə bağlı niyyətini bəyan edib.

Azərbaycan Avropaya qaz nəqlinin həcmini 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və Bakı da, Avropa da, Türkiyə də bunun üçün imkanlar axtarırlar.

Həllərin tapılması üçün Bakı-Ankara-Aşqabad üçbucağında dərəcələr müəyyən edilməlidir, çünki ən uyğun format Türkmənistan qazı vasitəsilə hasilatın artırılmasına nail olmaqdır.

Üçtərəfli sammit şərtlərin formalaşması üçün optimal platformadır və Avropa bazarlarında üç ölkənin rolunun necə tarazlaşdırılması, tranzit üzrə qiymətlərin müəyyən olunması gündəlikdə dayanacaq.

Türkmənistanın üzərinə vurğu “Transxəzər” layihəsinin canlandırılması mahiyyəti daşıyır və üç ölkə liderinin görüşü Qərbin də diqqət mərkəzindədir.

Qərb Azərbaycan və Türkiyənin Türkmənistanı necə yola gətirəcəklərini dörd gözlə gözləyir.

Azərbaycanın özü də məsuliyyətini ikiqat artırır, o mənada ki, Avropaya satılan təbii qazın həcminin çoxaldılması fonunda daxili tələbatın adekvat qarşılanması qarşıda dayanan çağırışlardandır.

Bu, Azərbaycanın həm xarici, həm də daxili gözləntiləri qarşılamaq üçün balanslaşdırılmış idxala ehtiyacının yaranması deməkdir, hələlik Bakı 2022-ci ilin yanvarından etibarən Türkmənistanın iki milyard kubmetrlik qazının İran vasitəsilə Azərbaycana ixracını əhatə edən sxemə start verib. Bundan başqa, Azərbaycanın Rusiyadan da qaz tədarük edəcəyi açıqlanıb, yəni Bakı daxili tələbat üçün riskləri aradan qaldırmaq yolunda həlledici işlərə başlayıb, ancaq perspektivdə bu həcmin genişləndirilməsi vacibdir.

Azərbaycanın qaz ixracındakı potensialını razılıqlara əsasən göstərməsi üçün enerji bazarlarında şaxələnməyə ehtiyac var, Azərbaycan-Türkiyə-Türkmənistan danışıqlarında bu məsələyə də yer veriləcək.

Enerji bazarlarının diversifikasiyası üçün tələbatların xarakteristikasında infrastrukturun qurulması əhəmiyyət daşıyır. Bu layihə isə yüksək vəsait tələb edir, ancaq ölkələr həddindən artıq maliyyə yükünün altına girməkdən yayınırlar və hesablamaq olar ki, tərəflər xərcləri müəyyənləşdirmək və nisbəti bir-birinə uyğunlaşdırmaq üzərində işləyirlər.

Lakin bunlar sonrakı işlərdir, əsas məsələ Türkmənistanı razı salmaqdır, hərçənd ki, bu, Rusiya və Çini də narahat etdiyindən “ip ən azından bir düyünə hazır vəziyyətdədir” deyə bilərik.

Türkmənistan qazı uğrundakı rəqabət bu ölkəni kəskin maraq toqquşması ilə müşayiət ediləcək hadisələrin episentrinə gətirəcək.

Qərb, Rusiya və Çin bu proseslərdə hansı nöqtədə dayanmaq üçün indidən yeni sxemlər cızırlar.

Enerji bazarlarındakı çəkişmənin dünyaya gətirdiyi “övlad”lar təhlükəsizlik mühitində təhdid mənbəyindən birinə çevrilir, ona görə də Türkiyə Mərkəzi Asiyada elə nöqtədə dayanmaq istəyir ki, həmin regionda qızışan maraqları balanslaşdıra bilsin.

Bu, Azərbaycan üçün də əhəmiyyətlidir, çünki təkcə enerji resursları ilə əlaqəli deyil, həm də Bakının Türk Dövlətləri Təşkilatı çərçivəsindəki funksiyalarının tələbləridir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir