Siyasət

Nazir: “Konsensus olmadan Ermənistana missiya göndərilməsi ATƏT mandatının kobud şəkildə pozulmasıdır”

Sharing is caring!

“Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır”.

“Report” xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan təşkilatı mandatlarını kobud şəkildə pozduqlarını düzəltməyə çağırır.

“Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə Azərbaycan indi onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu günlərdə ailələrin birinci qrupu qayıdıb”, – C.Bayramov qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan, həmçinin münaqişədən sonrakı ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir, bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edir:

“Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. Azərbaycan hakimiyyəti ilə yerli etnik erməni sakinlər arasında son aylar ərzində artan dialoq və təmaslar təşviq edilməli və davam etdirilməlidir”.

Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirdiyi minalarla çirklənməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir:

“Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 267 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub. Ermənistanın Azərbaycana işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Bütün mina hadisələrinin təxminən 55 faizi Ermənistanın heç bir mina sahəsi rekordu olmayan ərazilərdə baş verib. Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkar edilib. Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan 2 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə köçürülüb. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş yoldan açıq-aşkar sui-istifadədir”.

C.Bayramovun sözlərinə görə, Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib:

“Müharibə və işğalın dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdi. Son iki il ərzində Azərbaycan sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir