Siyasət

Fransanın Qafqaz xəyallarını suya düşürən beş amil: Azərbaycanın atacağı addımlar – TƏHLİL

Sharing is caring!

Fransanın Hind-Sakit okean regionu ilə bağlı illərdir formalaşdırdığı və səbirli qurduğu siyasət ABŞ-Britaniya-Avstraliya üçlüsünün imzaladığı AUKUS paktı ilə didilməyə başlandı və Paris bundan şiddətli sarsıntı keçirdi.

Müstəmləkəçilik siyasətini müxtəlif variantlarda davam etdirən, Afrika qitəsinin sərvətlərini sovuran Fransa tarixdəki ənənəsindən güc alır, AUKUS-dan sonra ona qarşı “qara qitə”də də oyun qurulacağından çəkinir.  

Ancaq Fransa hələ də Afrikaya özünün müstəmləkəsi kimi baxır və bu əzazil baxışını dəyişmək niyyətindən uzaqdır.

Fransanın vaxtı ilə Əlcəzairdə, Ruandada həyata keçirdiyi soyqırımları ilə Parisin bugünkü siyasətinin xarakteri yalnız formasına görə fərqlənə bilər.

Onsuz da, dünyaya aqressiv tərzdə yanaşan Fransa AUKUS paktından sonrakı periodlarda gizlənib qalaqlanmış qəzəbini digər ölkələrin üzərinə tökməyə başlayır.

Xüsusilə Fransanın Cənubi Qafqaz regionundakı yeni reallıqları Ermənistanın xeyrinə dəyişdirmək cəhdləri, onun Türkiyənin regional balansda həlledici söz sahibinə çevrilməsini həzm etməməsi Yelisey Sarayında qəzəbin və hikkənin dozasını artırır.

Birinci Qarabağ müharibəsindən sonra Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədrliyinə yol tapmışdı və Azərbaycanla Ermənistan arasında münaqişə zamanı öz əsl niyyət və məqsədlərini müxtəlif diplomatik epitetlərlə pərdələyirdi.

Bu onu göstərir ki, Fransa hələ Birinci Qarabağ müharibəsində və atəşkəs dövründə Ermənistana dəstəyini ardıcıl bir hala gətirib, lakin Bakı Parisin siyasətinə redaktələr etməsini gözləyib.

Fransa Azərbaycanın hərb gücü ilə öz torpaqlarını geri qaytarmaq əzmində olduğunu dərk etdikcə və müharibənin ayaq səsləri gəldikcə aqressiyası üzərindən “məxfilik qrifi”ni qaldırdı, bunun davamı kimi 2020-ci ilin mayında ASALA terrorçusu Varujan Karapetyanın həbsdən buraxılması üçün oyun qurdu.

44 günlük Vətən müharibəsində Fransa Azərbaycanın reallıqları sürətlə dəyişdirmək qabiliyyətini gördükdən sonra isə Ermənistana dəstəyin məzmununu tamamilə açıq kartlarla oynamağa başladı və proses bu gün özünün zirvəsinə çatıb.

Fransa Senatı və Milli Assambleyasını Azərbaycana qarşı ayaqlandırıb, hərçənd ki, diplomatik qaydada “bu, bizim rəsmi mövqeyimizi əks etdirmir” deyə bilər.

Bu illüziyaya Fransa özü-özünü inandıra bilər, Azərbaycan və Türkiyə Fransanın səmimi olmadığına qəti əmindirlər.

Fransa Azərbaycana hər hansı təzyiq etmək iqtidarında deyil, təkcə ona görə yox ki, Cənubi Qafqazda əsl oyunçu statusu qazanmayıb, həm də ona görə ki, Bakı ilə münasibətləri strateji tərəfdaşlıq qismində görən Qərbin iki nəhəngi – ABŞ və Böyük Britaniya – Parisin ambisiyalarının böyüməsinə imkan verməz.

İkincisi, Fransa Avropa İttifaqının Azərbaycanla xoşməramlı siyasi kursuna xələl gətirmək yolunu seçsə də, İttifaq və Bakı Parisin pozuculuq fəaliyyətini hansısa bir mərhələdə boğmağı bacarırlar.

Üçüncüsü, Türkiyə Fransanın təzyiqlərinə hərbi-siyasi cavab vermək potensialındadır. Ankara başa düşür ki, Parisin Cənubi Qafqazda İrəvan mərkəzli hab yaratmaq istəməsi Türkiyənin strateji maraqlarına zərbə vurmaq məqsədi daşıyır.

Dördüncüsü, Azərbaycanda dövlətin siyasi iradəsi və bu iradəsini sübut etmək üçün regional hərbi qüdrəti mövcuddur, yəni İrəvana kimin dəstək verməyindən asılı olmayaraq, istənilən zaman Ermənistana qarşı güc tətbiq edə bilər.

Beşincisi, Rusiya ilə Fransanın hansı həddə qədər anlaşa bilmələri məsələsidir, Moskva da Parisin altdan-altdan Kreml əli ilə oyun qurmaq qabiliyyətini bir nöqtədə zədələyir.

Fransanın Ermənistanı himayə etmək üçün diplomatik-siyasi hayqırtıları qışqırıq səviyyəsindən kənara çıxa bilməyəcək.

Ancaq Azərbaycan Fransanın radikal-pozucu fəaliyyətinə təkcə bəyanatlarla cavab verməklə kifayətlənməməlidir.

Azərbaycan ən mötəbər tribunalarda Fransanın müəllifi olduğu soyqırımı faktlarını dilə gətirməlidir və ölkə daxilində də müəyyən addımlar atılmalıdır.

Məsələn, Azərbaycan Fransanın Əlcəzair və Ruandada törətdiyi genosidləri ən azından parlament səviyyəsində pisləyən bəyanatlar qəbul etməli və rəsmi Parisin kulislərində güclənən anti-Azərbaycan əhval-ruhiyyəsini Türkiyə ilə vahid komanda şəklində dəyərləndirməlidir.

Bu, Bakı-Ankara tandemində uzunmüddətli strateji xətt olmalıdır. Nəzərdə tutulmalıdır ki, Fransa erməni terrorizmini himayə etmək üçün yeni mərhələ başlada bilər, buna görə də Bakı bütün beynəlxalq əlaqələrini işə salıb Fransanın mümkün bəd əməlləri haqqında kəşfiyyat informasiyalarına yiyələnməlidir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir