Siyasət

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”

Sharing is caring!

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”
Heydər Əliyev

21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının qalib Prezidenti, müzəffər Ali Baş Komandan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının iştirakı ilə tədbir keçirildi.
Bu tədbirdə iştirak etmək çox qürurverici idi. Eyni zamanda dünya şöhrətli siyasətçi, qalib dövlət başçısını dinləmək ölkəsinin gələcəyini düşünən, vətənpərvər insanlar üçün hava, su kimi gərəkli idi.
Qalib ölkənin qalib dövlət başçısını Yeni Azərbaycan Partiyasının üzvləri ayaq üstə alqışladı.
Cənab Prezident çıxışında YAP-ın tarixi zərurətdən yarandığını və 18 oktyabr 1991-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Respublikası üçün ilk ilin çox ağır və faciələrlə dolu keçdiyini söylədi. Dövlət başçısı qeyd etdi ki, o zaman Azərbaycanın görkəmli vətənpərvər nümayəndələri ölkənin nicatını Heydər Əliyevdə gördülər. Ona görə də Ulu Öndərə müraciət etdilər. Azərbaycanın taleyini həll edən “91-lərin müraciəti” ilə Naxçıvanda ölkəmizin tarixində yeni səhifə açan bir konfrans keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçən konfransda Yeni Azərbaycan Partiyası yarandı. Dövlətin ağır problemlərini düşünən partiya müxalifət partiyası kimi yarandı.
Sənayenin iflic vəziyyəti, yoxsulluq, inflyasiya, hərc-mərclik, nizami ordunun olmaması, digər tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazimizin böyük bir hissəsinin işğalı xalqda bir çaşqınlıq yaratmışdı. Xalqın Ulu Öndər Heydər Əliyevə inamı çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbi onun Azərbaycanda rəhbər olduğu dövrdə xalqla birlikdə olması, xalqa xidmət etməsi idi. Onun hakimiyyətdə olduğu dövrlərdə 1969-1982-ci və 1982-1987-ci illərdə Qarabağdakı separatçı qüvvələr bir dəfə də olsun baş qaldıra bilməmişdilər. Ulu Öndər hətta təqaüddə olanda belə xalqın yanında olmuşdu. 20 yanvar faciəsi törədiləndə Heydər Əliyev bu dəhşətli cinayəti törədənləri qınamış və mənsub olduğu partiyaya qarşı çıxmışdır.
YAP-ın təsis konfransından 7 ay sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi, oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqil Azərbaycan dövlətçiliyi qurulmağa başladı. Kontitusiya qəbul edildi. Çox ciddi iqtisadi islahatlar aparıldı. Ordu quruculuğunda ilk addımlar atıldı. Kütləvi itaətsizliyə son qoyuldu, sabitlik yarandı. Müstəqil iqtisadi siyasət “Əsrin kontraktı”na gətirib çıxartdı.
2003-cü ildə xalq bir daha Ulu Öndərə olan sədaqətini nümayiş etdirdi, siyasətinə səs verdi.Ümummili Liderin layiqli davamçısı İlham Əliyev onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurdu.
Ulu Öndərin söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri öz təsdiqini tapdı. Bu gün hər bir Azərbaycanlı öz dövləti ilə fəxr edir.
İqtisadiyyatımız 3 dəfədən çox artdı. Respublikada yoxsulluğun faizi aşağı səviyyədədir. Pensiyaların, əmək haqqının müntəzəm artması xalqın rifahını yüksəldir.
Bu gün Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Gənc nəsil milli ənənələrə sadiq, azərbaycançılıq ruhunda böyüyür. II Qarabağ müharibəsində biz bunun bir daha şahidi olduq. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşdi.
Azərbaycan ordusu özünü bir daha təsdiq etdi. 44 gün ərzində düşmən tarixi torpaqlarımızdan qovuldu. Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin vəsiyyəti idi. Xalq-iqtidar birləşərək, 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Bu gün işğaldan azad olunan ərazilərimiz yenidən qurulur. Tezliklə şəhər və kəndlər bərpa ediləcək və keçmiş köçkünlər öz yurd-yuvalarına qayıdacaq.
Bütün xalqın qüruru olan Müzəffər Dövlət Başçısı tarixi çıxışında Azərbaycanın beynəlxalq mövqelərindən də söz açdı: “Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT təhlükəsizlik şurasına üzv oldu. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və uğurlu fəaliyyət göstərir.
Ermənistan dəəfələrlə üzv olduğu təşkilatların üzvü olan ölkələrlə Azərbaycanı üz-üzə qoymaq istədi. Lakin bunu edə bilmədi. Azərbaycan Respublikasının Prezidentinin apardığı doğru-düzgün xarici siyasət nəticəsində ölkələr Ermənistanın bu təxribatına getmədilər.
Fransa-Ermənistan tandeminin anti-Azərbaycan siyasəti, anti-Azərbaycan qətnaməsi Frankofoniya təşkilatındakı Azərbaycana dost olan ölkələrin səyi nəticəsində baş tutmadı.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş bu tədbir bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sistemə mühüm yeniliklər gətirdi.
Ulu Öndərin yolu ilə gedərək növbəti illərdə də çox uğurlara nail olacağımızı bildirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın bütün üzvlərini təbrik etdi və ölkəmizin siyasi həyatında YAP-a yeni nailiyyətlər arzuladı.

Təyyubə Hüseynova
Abşeron rayonu, Saray 3 saylı tam orta məktəbin direktoru

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir