Siyasət

“Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində reallıqlar tamamilə təhrif olunub” – RƏY

Sharing is caring!

“Fransa senatının Azərbaycan əleyhinə qətnaməsində əsassız və məntiqsizdir, həmçinin bu sənəddə reallıqlar tamamilə təhrif olunub”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat 44 günlük müharibənin gedişi və sonrakı dövrdə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartların açıq təzahürünün müşahidə olunduğunu xatırladıb.

Qeyd edib ki, Azərbaycan Fransa ilə əlaqələrə həmişə xüsusi önəm verib. Lakin təəssüf ki, indiyə qədər baş vermiş bir çox hadisələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb: “Bir tərəfdən, Fransa hökuməti, dövlət rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal iştirak etmək niyyətini bəyan edir. Digər tərəfdən, bu ölkənin parlamentində Azərbaycan əleyhinə sənədlər qəbul olunur. Fransanın bəzi dövlət rəsmiləri Azərbaycanla bağlı heç bir əsası olmayan ittihamlarla çıxış edir. Ona görə də düşünürəm ki, Fransa ilə münasibətlərdə qarşı tərəfin davranışlarına adekvat addımlar atmağın zamanı çatıb”.

S.Məmmədov qeyd edib ki, Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı məsələyə bu günə qədər Fransada rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib.

“Halbuki, təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. Ümumilikdə isə 1,5 milyon insan Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar, qeyri-mütənasib güc tətbiqi nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək, əlcəzairlilər “Fransanın ərəb Müsəlmanları” adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. Lakin indi biz qəbul edilən qətnamə layihəsində “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyayaya istinad görürük. Bu Konvensiyanı kobud şəkildə pozmuş bir ölkənin başqa bir ölkəyə heç bir əsası olmadan irqi ayrı-seçkiliklə bağlı ittiham irəli sürməsi sadəcə təəccüb doğurur”.

Millət vəkili bildirib ki, Azərbaycan dəfələrlə Fransa siyasətçilərinə, parlament üzvlərinə Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etməklə bağlı çağırışlar edib. Lakin Fransa Senatının qəbul etdiyi son qətnamə bu ölkənin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını təsdiq edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir