Siyasət

Zəngəzur dəhlizi türk dünyası ölkələri üçün yeni imkanlar yaradacaq

Sharing is caring!

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq son illər yeni dinamika və xarakter alıb. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi təşəbbüs göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və TDT-yə üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Səmərqənd sammiti 2021-ci ildə Azərbaycanın sədrliyi dövründə strukturun dəyişdirilməsindən sonra türk dövlətləri başçılarının yeni formatda ilk görüşü oldu və bu zirvə toplantısı təşkilatın son görüşdən sonra əldə etdiyi nəticələrin təhlili üçün bir növ platformaya çevrildi. Noyabr ayının 11-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin güclü ölkələrə çevrilməsi, türkdilli xalqların təhlükəsizliyinin təmin edilməsi üçün irəli sürdüyü təkliflər böyük rəğbətlə qarşılandı.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Azərbaycan prezidentinin TDT-nın IX Zirvə Görüşündə haqlı şəkildə qeyd etdiyi kimi: “Türk dünyası 200 milyondan çox insan potensialına, geniş coğrafiyaya və təbii resurslara malikdir. Əgər böyük dövlətçilik ənənəsinə və zəngin tarixə malik olan TÜRK SOYU arasında həmrəylik və qarşılıqlı əlaqələr güclənərsə, ən müxtəlif səviyyələrdə çoxşaxəli əməkdaşlıq sistemi formalaşarsa, dünyanın dəyişən konfiqurasiyasında fərqli bir güc mərkəzi kimi çıxış edə bilərik.”
Eyni zamanda Azərbaycan Prezidenti qeyd edib ki, bu geniş coğrafiya böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Böyük bir ailə olan türk dünyası xalqları bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidirlər. Bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində əməkdaşlıq daha da fəallaşdırılmalıdır.
Prezident İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı.
Türk Dövlətləri Təşkilatı 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Bu ilin avqustunda Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi TDT tərəfindən məmnuniyyətlə qarşılanıb. Təşkilatın Baş katibi bu ilin sentyabr təxribatları ilə bağlı ciddi narahatlığını ifadə edərək Ermənistanın hərəkətini pisləyən bəyanat verib. Bu gün məcburi köçkünlərimiz işğaldan azad olunmuş torpaqlara qayıda bilmirlər. Səbəb isə odur ki, Ermənistanın yaratdığı mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi təhlükədir. Son 2 ildə əksəriyyəti mülki şəxs olmaqla 270 nəfər insan mina qurbanı olub .
IX Zirvə Görüşünün iştirakçıları eyni zamanda Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər. Qürurvericidir ki, İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır.

Elmar Abbasov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir