Siyasət

İranın Yaxın Şərqdəki təxribatları: Tehranın Azərbaycanla bağlı digər təhlükəli planı nədir? – TƏHLİL

Sharing is caring!

İranda xalqın rejimə qarşı etirazları inqilabi xarakter aldıqca molla rejimi Azərbaycana tuşlanan hədə tonunu yüksəltməklə daxili auditoriyanı “xarici düşmən” amili ilə sakitləşdirməyə çalışır.

İran Azərbaycana qarşı kükrədikcə onun regional və beynəlxalq təhlükəsizlik mühiti üçün yaratdığı hədələrin miqyası da aşkara çıxır.

İranın və ona əks qütbdə dayanan güclərin təhlükəsizlik anlayışlarına dair strateji təsəvvürləri bir-birinə ziddiyyət təşkil etdiyindən Tehranın beynəlxalq nəqliyyat dəhlizlərinin logistik mərkəzinə çevrilən, Avropanın enerji təhlükəsizliyində rolunu artıran Azərbaycana qarşı diş göstərməsi Qərbi Bakının yanında durmağa vadar edir.

İran da bilir ki, Azərbaycana qarşı hər hansı hərbi eskalasiya ssenarisinə getmək Tehranı ona qarşı birləşmiş güclərin legitim hədəfinə çevirəcək, son günlər İsrail tərəfindən “bizim İrana qarşı hərbi müdaxilə planlarımız var” tipli bəyanatların səsləndirilməsi də molla rejimini düşündürməlidir.

Ancaq İran öz təhlükəsizlik qüvvələri və ordusu ilə yanaşı, Yaxın Şərqdə ona vəkillik edən hərbi-siyasi təşkilatlardan ibarət resurslara da malikdir.

İran regionda həmin qüvvələrə simpatiya bəsləyən hərəkatları qidalandırmaq istəyir və bu maraqlarını Azərbaycana da transfer etmək niyyətindədir. Çünki Azərbaycanın xüsusi xidmət orqanları birbaşa İrandan bəslənən şəbəkələri ifşa edib həbsə atdıqca Tehran proksi qüvvələr vasitəsilə kəşfiyyat və ideoloji itkilərini kompensasiya etməyə çalışacaq.

Azərbaycanın kəşfiyyat orqanları tərəfdaşlarla və strateji müttəffiq Türkiyə ilə koordinasiyalı vəziyyətdə çalışır ki, bu da Bakıya qarşı başlaya biləcək yeni təhdid dalğalarının hündürlüyünü minimuma endirmək potensialındadır.

Azərbaycanı tərəfdaşları ilə birləşdirən vahid mövqe budur ki, İranın hərəkətləri regionda sabitliyi pozan meyil hesab olunur, böyük güclər siyahısında Tehranı rəqib görən Böyük Britaniya və ABŞ İrana aid qrupların bir çoxunun fəaliyyətini terrorçuluq kimi tövsif edir. Ona görə də Azərbaycan, Britaniya və ABŞ İranın Cənubi Qafqazdakı addımlarını zərərsizləşdirməyi antiterror aspektləri ilə nəzərdən keçirə bilərlər.

Diqqətə alınmalıdır ki, İrana Yaxın Şərqin qarışıq və qanlı-qadalı olması sərf edir, dramatik mənzərə Tehrana siyasi şiəlik ideoloji xətti üçün tərəfdar toplamasına şərait yaradır. İranın Yaxın Şərqdə nüfuza can atması və status-kvonun qorunub-saxlanılması üçün səylər göstərməsi Tehranın ambisiyalarının məzmununun nə qədər təhlükəli olmasından xəbər verir.   

İran Suriya, Yəmən, İraq, Livanda özü üçün muxtariyyət sahələri yaradan qeyri-dövlət aktorlarını dəstəkləyir ki, bu da qarşıdurma meyillərini şiddətləndirir.

Bir neçə numunə:

1. Tehran Yaxın Şərqdəki əsas hərəkətverici qüvvəsi olan və “Mini İran” kimi təsvir edəcəyimiz “Hizbullah”la birlikdə qeyri-sabit İraqda ordudan ayrılmış milis qüvvələri formalaşdırmağa nail olub;

2. İran Yəməndəki vətəndaş müharibəsindən istifadə edərək orada husilər hərəkatı yaradıb və onu Səudiyyə Ərəbistanını vuran əlinə çevirib;

3. Suriya, Livan və Fələstində analoji qruplaşmalar mövcuddur və İran onları Yaxın Şərqə təsir vasitəsi səviyyəsinə qaldıra bilib.

İran bunlarla da məhdudlaşmır və körfəz ölkələrində də məzhəb ixtilaflarını qızışdırmaq üçün ideoloji hab yaratmağa, ən azından, Bəhreyndə müxalif qrupları öz tərəfinə doğru çəkməyə cəhdlər edir.

İranın sabitliyi pozan davranışları və regionun təhlükəsizliyinə, çiçəklənmə qabiliyyətinə xələl gətirən dövlətlər sırasında yer alması gərginliyi artırır.

Tehran indi də Cənubi Qafqaz regionunda qarışıqlıq tərəfdarıdır və bunu hərbi müdaxilə etməməklə inkişaf etdirib bölgədə Yaxın Şərqdəki kimi alternativ sistemlər yaratmağı planlaşdırır.

Bir cəbhə üzrə sakitlik bərqərar olunmamış İranın digər “təmas xətti”ndə gərginlik yaratması da medalın digər üzüdür, Tehranın Naxçıvanı da məsələyə qatması eyni məzmunu ehtiva edir.

İran bir amili yaddan çıxarır ki, Naxçıvan Azərbaycan və Türkiyənin ortaq təhlükəsizlik maraqları ideyalarını inkişaf etdirən coğrafiyadır və bura ideoloji müdaxilə imkanları belə, Bakı ilə yanaşı, Ankaranın əleyhinə də addım kimi qiymətləndiriləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir