Siyasət

Baxtiyor Erqaşev: “Türk dünyası başqalarına qarşı çıxmaq naminə birləşmir” – DAŞKƏNDDƏN RƏY

Sharing is caring!

“Türk Dövlətləri Təşkilatının yaranması müasir dünyada yeni qüvvələrin necə meydana çıxmasına dair nümunədir”.

Bu barədə Özbəkistandan olan tanınmış politoloq, Ma’no Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Baxtiyor Erqaşev Oxu.Az-a müsahibəsində Səmərqənd sammiti ilə bağlı operativ şərh verərkən bildirib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı (TDT) adlı struktura çevrilməsi təlatümlü dünyamızda çox ciddi hadisəyə çevrilib. Keçmiş qlobal və regional strukturların rolu azalır, yeni ittifaqlar, bloklar, alyanslar yaranır. Xüsusilə də AUKUS-u (Avstraliya, Böyük Britaniya və ABŞ-nin yaratdığı üçtərəfli müdafiə alyansı – red.) qeyd etmək olar.

Türk Dövlətləri Təşkilatının yaranması müasir dünyada yeni qüvvələrin necə meydana çıxmasına dair nümunədir. Keçmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kifayət qədər zəif idi, iqtisadi əlaqələr, xarici ticarət, iri nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, ümumi investisiya məkanının formalaşması kimi məsələlərin ciddi şəkildə dərinləşməsi müşahidə edilmirdi. Nəticədə təşkilatın yaradılması qərara alındı ki, bu təşkilatın fəaliyyəti iqtisadi məsələlər blokunun ciddi şəkildə həllinə istiqamətlənməlidir”, – deyə o bildirib.

Erqaşevin sözlərinə görə, ilk addım Səmərqənddə keçirilən sammitdə investisiya fondunun yaradılması ilə bağlı qəbul edilən qərardır.

“Hazırda Türk Dövlətləri Təşkilatının İnkişaf Bankının yaradılması ilə bağlı ciddi danışıqlar aparılır. Türk Dövlətləri Təşkilatının əsas prioriteti iqtisadi, texnoloji və investisiya əməkdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyət göstərməli olan institut və strukturların formalaşdırılması üzrə praktiki tədbirlərdir”, – deyə o qeyd edib.  

“Türk Dövlətləri Təşkilatının hərbi-siyasi alyans şəklində yenidən formatlaşdırılmasına gəlincə, burada hər şey daha mürəkkəbdir. Məsələn, Özbəkistanı götürək. Ölkəmizin xarici siyasət konsepsiyasında heç bir hərbi-siyasi blokda iştirak etməmək kimi prinsip dayanır. Ona görə də biz, məsələn, KTMT-nin bir hissəsi deyilik.

Amma müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq mütləq mümkündür. Mənə elə gəlir ki, bu istiqamətdə, xüsusən də Türkiyə ilə Azərbaycan arasında artıq addımlar atılıb. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələr arasında müəyyən növ silahların hazırlanması və istehsalı sahəsində qarşılıqlı əlaqələrin qurulması tamamilə mümkündür və hətta zəruridir”, – deyə o əlavə edib.

Səmərqənd sammitindən əvvəl rusiyalı ekspertlərin TDT-nin hərbi-siyasi ittifaqa çevrilməsinin mümkünlüyündən ehtiyatla danışması ilə bağlı sualı cavablandıran politoloq bildirib ki, Rusiyanın Türkiyə, Azərbaycan, Orta Asiyanın türk dövlətləri ilə yaxşı münasibətləri var.

“Rusiyalı ekspertlər arasında Türkiyədən və türklərin birləşməsi ideyasından çox ehtiyat edən müəyyən qruplar var. Onlar bu mövzularda dissertasiyalar müdafiə edir, ad çıxarırlar. Həmçinin Türkiyənin başçılıq etdiyi türk dünyasının Rusiyaya problem yaratmağa, təsirini azaltmağa qadir olduğunu iddia edirlər. Bu ekspertlər öz fikirlərini ifadə etmək, narrativlər vermək imkanına malikdirlər. Axı türk dünyası başqalarına qarşı çıxmaq naminə birləşmir. Bizim vəzifəmiz ilk növbədə iqtisadi, siyasi və sosial baxımdan daha da inkişaf etməkdir”, – deyə mərkəzin direktoru əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir