Siyasət

Hər bir vətəndaşın inam və güvənc yeri

Sharing is caring!

        Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunur. Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.

       Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.

     Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. 2010-cu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu.

       Qarabağın  azadlığı uğrunda şəhid olan minlərlə soydaşımızın qanına boyanan, tarixin keşməkeşli yollarından keçib gələn ay-ulduzlu, üçrəngli bayrağımız xalqımızın azadlıq mücadiləsinin, milli kimliyinin, birliyinin, şərəf və ləyaqətinin ifadəsi, hörmət və ehtiramının möhtəşəm ünvanı, qürur, güvənc yerimizdir. Bu bayrağın heç vaxt dəyişməyəcək yeri, məkanı bəllidir – xalqın ürəyi, vətən torpağının ən hündür zirvələri. Bu bayraq bir dəfə yüksəldisə, bir daha enməyəcək.

                                                                                     Rüstəm Rüstəmov,

Cəlilabad rayon Seyidbazar kənd

İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir