Siyasət

İctimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartların tətbiqi təklif olunub

Sharing is caring!

“Avtomobil yolları haqqında qanun layihəsinə edilən dəyişikliklər hesab edirəm ki, ölkəmizdə geniş vüsət almış islahatların müsbət nəticəsi deputat seçildiyim Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında da özünü göstərir. Lakin yeni imkanların özü də yeni çağırışlar doğurur və bütün bunlar insanlarımızın daha rahat şəraitdə yaşamasını hədəfləyir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Emin Hacıyev deyib.

O bildirib ki, Abşeronda urbanizasiyanın yüksək səviyyəsi nəticəsində Sumqayıt şəhəri az qala Bakıya birləşib:

“Nəzərə alaq ki, Sumqayıtın məşğul sakinlərinin böyük bir hissəsi Bakıda çalışır. Bunun nəticəsidir ki, artıq nəinki pik saatlarda, hətta günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda böyük tıxaclar müşayiət olunur. İnsanlar günün mühüm hissəsini yollarda qalırlar. Bu problemin səbəblərini təhlil etsək görərik ki, məsələ təkcə yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən, yəni nəqliyyat vasitələrinin çoxluğundan qaynaqlanmır. Bu baxımdan bizim ölkəmiz adambaşına düşən nəqliyyat vasitələrinə görə ən öncül sıralarda da deyil. Mənim fikrimcə, bu sıxlığı tənzimləmək üçün bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Təklif edirəm ki, Abşeronda sərnişindaşımaya yanaşmada vahid prinsiplər tətbiq olunmalıdır. Məsələn, Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın Avtovağzaldan-Avtovağzala prinsipi ilə işləməsindən imtina oluna bilər. Hazırkı halda kimsə Sumqayıtın bir mikrorayonunda qalırsa, o, Sumqayıt avtovağzalına gəlməli, oradan avtobusla Bakı avtovağzalına gəlməli və əlavə olaraq daha iki marşrutla mənzil başına çatmalıdır. Nəticədə bu vaxt və vəsait itkisi deməkdir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi avtomobilə malik olmağı stimullaşdırır”.

Deputat onu da əlavə edib ki, Sumqayıtın istənilən mikrorayonundan Bakının müxtəlif nöqtələrinə, məsələn BDU-nun, UNEC-in yaxınlığına, Dəmiryol vağzalına marşrutlar təşkil olunsa, bu sıxlığın aradan qalxmasına nəinki böyük töhfə verilə bilər:

“Bu həm də insanların rahatlığına səbəb olar. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq edilə, bundan xüsusilə tələbələr yararlana bilər. Bakı-Sumqayıt elektrik qatarında vaqonların sayının artırılması və intervalın azaldılması da həmin yoldakı sıxlığın aradan qalxmasına kömək edər. Daha bir təklifim ictimai nəqliyyatın dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə geniş tətbiq olunan növlərinin – ekspress avtobusların ölkəmizdə tətbiqi ola bilər. Bu da taksi və şəxsi avtomobilə ehtiyacı azalda bilər. İnsanlar nisbətən daha artıq ödənişlə daha sürətli və keyfiyyətli xidmətlərdən yararlana bilər. Ümid edirəm ki, Nazirlər Kabinetinin yenidən təşkil olunmuş Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası Bakı-Sumqayıt yolunda nəqliyyatın tənzimlənməsinə xüsusi diqqət ayıracaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir