Siyasət

Zəngilanın azad edilməsində Raket və Artilleriya Qoşunlarının rolu – AÇIQLAMALAR + FOTO

Sharing is caring!

Zəngilan şəhərinin azad edilməsindən iki il keçir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin 20 oktyabrında xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan edib.

Qeyd edək ki, Zəngilanın azad olunması əməliyyatlarında Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan Raket və Artilleriya Qoşunlarının də əməyi olub.

Belə ki, Zəngilan istiqamətindəki hərbi əməliyyatlarda hərəkət edən canlı qüvvəyə dəstək üçün Raket və artilleriya bölmələri onlara verilən koordinatlar üzrə dəqiq atəşlər açmağa nail olublar.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, baş leytenant Sərxan Eyubov Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib ki, yaylım atəşli reaktiv sistemlərlə Zəngilana atdıqları raketlər hədəfə dəyib.

“Bizim Raket və Artilleriya Qoşunlarının Zəngilanın azad edilməsində çox böyük rolu oldu. Biz öz işimizi layiqincə yerinə yetirdik. Bizə verilən koordinatlar üzrə Ermənistan ordusunun Füzulidəki, Cəbrayıldakı, Zəngilandakı mövqelərinə yüksək dəqiqliklə raket zərbələri endirmişik”, – deyə o əlavə edib.

O bildirib ki, 44 günlük müharibədə düşmənin müdafiə dərinliyində olan bütün hərbi obyektləri, o cümlədən hava hücumundan müdafiə, radioelektron mübarizə vasitələri, idarəetmə məntəqələri, reaktiv artilleriya və minaatan batareyaları, ehtiyatlarının məhvinə nail olunub.

Digər hərbi qulluqçu, baş leytenant Talıb Qafarov da saytımıza deyib ki, onlar verilən koordinatlar üzrə bütün hədəfləri məhv etməyi bacarmışdılar.

“Motoatıcı bölmələrimizin irəliləməsi üçün onların raket- artilleriya qoşunlarının dəstəyinə ehtiyac var idi”, – deyə Qafarov qeyd edib.

“Vətən müharibəsi zamanı Raket və Artilleriya Qoşunları verilən koordinatlar üzrə hədəfləri tam məhv edib və ya atəş nöqtələrini susdurub. Mən Raket və Artilleriya Qoşunlarında rabitədə idim. İşimiz dayanıqlı və yüksək səviyyədə, müasir hərb qaydalarına uyğun təşkil edilmişdi”, – deyə Qafarov Talıb əlavə edib.

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Ordusunun Raket və Artilleriya qoşunları kütləvi atəş zərbələri endiriblər.

Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbi qulluqçusu şəhid olub və bir neçə hərbçisi xəsarət alıb.

Müharibə başa çatdıqdan sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş plana uyğun olaraq hazırda daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə yerləşdirilən bölmələr döyüş hazırlığı ilə məşğul olur.

Onlar yüksək texnoloji silahların imkanlarını və istifadə qaydalarını mənimsəyirlər. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir.

Beləliklə, Raket və Artilleriya Qoşunlarının şəxsi heyətinin peşəkarlığı təmin edilir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir