Siyasət

Türkiyənin dezinformasiyalarla bağlı qəbul etdiyi qanunu Azərbaycan da tətbiq edə bilər – RƏY + FOTO

Sharing is caring!

“Sosial şəbəkələrdə və bəzi “media qurumları”nda dezinformasiyalar, dövlət və şəxslər üzərinə yönələn məlumatlar yayılır. Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etdiyi dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsi çox vacib bir sənəddir. Bu istiqamətdə Azərbaycanda da layihənin qəbul edilməsi jurnalistikamızın inkişafına töhfə verə bilər”.

Bu fikirləri “Report”a açıqlamasında Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Elşad Eyvazlı deyib.

Onun sözlərinə görə, kütlə daha çox doğru olub-olmamasından asılı olmayaraq diqqətçəkən, sensasiyalı məlumatları oxuyur:

“Bu qanun layihəsinin qəbul edilməsindən sonra isə Türkiyədə sosial şəbəkə istifadəçiləri jurnalistikanın prinsiplərinə əməl etməli olacaqlar. Heç kimə sirr deyil ki, bu günə qədər Azərbaycanda və Türkiyədə saytlar media qurumu kimi qəbul olunmurdular. Ölkəmizdə “Media haqqında” qanunun qəbul edilməsindən sonra bu yanaşma dəyişdirildi. Artıq Azərbaycanda saytlar media subyekti hesab ediləcək. Artıq Türkiyədə də ciddi məlumat yayan saytlar media subyekti kimi qəbul olunacaq”.

E.Eyvazlı vurğulayıb ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinə toxunan fikirlər, dezinformasiyalar, dövlət və şəxslər üzərinə yönələn məlumatlar yayılır:

“Həmin məlumatları yayanların isə heç bir öhdəliyi və məsuliyyəti yoxdur. Artıq yeni layihənin qəbul olunması ilə Türkiyədə feyk məlumatlar, dezinformasiyalar yayanların məsuliyyəti müəyyənləşir. Hesab edirəm ki, heç bir halda kiminsə şərəf və ləyaqətinə toxunmaq olmaz. Əminəm ki, qəbul olunan layihə Türkiyədə jurnalistikanın inkişafına öz müsbət təsirini göstərəcək. Hazırda Türkiyədəyəm və orada bir neçə jurnalistlə görüşüm olub. Onlar arasında bu layihənin əleyhinə olanlar yoxdur. Ancaq ümumilikdə layihənin əleyhinə olanları da istisna etmirəm”.
 

MŞ-nin İdarə Heyətinin üzvü bildirib ki, Azərbaycan jurnalistikası qeyd olunan məsələlərdən xüsusilə əziyyət çəkir:

“Sosial şəbəkələrdə dezinformasiyalar, yanlış məlumatlar yayılandan sonra ciddi media qurumları məsələni dəqiqləşdirməyə və faktı olduğu kimi çatdırmağa çalışırlar. Ancaq bu, gec olur. Bundan əlavə, dəfələrlə şahidi olmuşuq ki, bəzi sosial şəbəkə istifadəçiləri, bir saytı, özü və kompüteri olan şəxslər ağıllarına gələnləri yazırlar. Bununla da insanlarda yanlış fikirlər yaradırlar. Ona görə TBMM dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatları ilə bağlı qanun layihəsini dəstəkləyirəm. Bu sənədin qəbulu sosial şəbəkə istifadəçilərinə hər hansı bir məhdudiyyət yaratmayacaq. Sadəcə yanlış məlumatların yayımlanmasının qarşısı alınacaq və bununla bağlı hüquqi müstəvidə məsuliyyət bəlli olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir