Siyasət

“Beynəlxalq təşkilatlar Azərbaycan xalqına qarşı törədilən qırğına lal, kar və kor olublar” – RƏY + FOTO

Sharing is caring!

“Beynəlxalq təşkilatlar Azərbaycan xalqına qarşı törədilən qırğına lal, kar və kor olaraq qalmaqdadırlar və bizə tətbiq edilən ikili standartların da tarixi var”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Birinci Qarabağ müharibəsindəki erməni vandalizmindən bəhs edən deputat xatırladıb ki, ermənilər ənənələrinə sadiq qalaraq 44 günlük Vətən savaşında da bütün müharibə qanunlarını pozub dinc əhaliyə qarşı kütləvi qırğın silahlarından istifadə ediblər:

“Buna sübut olaraq Gəncə, Bərdə və Tərtər hadisələrini göstərə bilərik. Təbii ki, bu cür terror hadisələrinə əl atmaqda Ermənistanın əsas məqsədi dinc əhali arasında çaxnaşma yaratmaq olub. Burada digər bir məqam isə atəşə məruz qalan ərazilərin döyüş bölgəsindən uzaq olması idi. Yaşanan faciələr bir daha və yenidən Ermənistanın bəşəriyyətə, insanlığa qarşı törətdiyi cinayətlərin başqa nümunəsi idi. Dinc əhali içərisində şəhidlərimiz, yaralılarılarımız oldu. Erməni terroru yenə uşaq, qadın, qoca ayırd etmədən ən vəhşi üzünü göstərdi”.

Deputat təəssüflə vurğulayıb ki, beynəlxalq təşkilatlar Suriyada, Ukrayna və digər konflikt yaşayan ölkələrdə baş verənlərə adekvat reaksiyalar versə də, Azərbaycan xalqına qarşı törədilən qırğına adekvat münasibət sərgiləyə bilmirlər:

“Azərbaycana tətbiq edilən ikili standartlar isə yeni deyil, bunun belə tarixi var. Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıq da bir daha erməni vandalizminin dünya ictimaiyyəti qarşısında başqa bir sübutu idi. Bu cür faciəyə hələ də düzgün qiymət verilməməsi erməni lobbisinin beynəlxalq təşkilatlara kök salmasından qaynaqlanır. Biz haqqı deyirik və haqqın səsi heç vaxt susmayacaq. Azərbaycan səbirlə haqq-ədalət mübarizəsini bütün arenalarda davam etdirəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir