manset Siyasət

Soçi görüşü: Qarabağda hərəkətlənmə olacaqmı?

Sharing is caring!

Düşünürəm ki, Soçi görüşü ərəfəsində yaranan müsbət atmosfer Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından qismən də olsa istifadə etməsinə zəmin yaradacaq.

Bu sözləri XəbərAl.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Valday Beynəlxalq Müzakirə Klubunun XVI toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Soçi şəhərində bir araya gəlməsi haqqında danışarkən deyib. O bildirib ki, bu görüş haqqında Ermənistan və Rusiya mətbuatında fərqli fikirlər səsləndirilir:

“Azərbaycan-Rusiya münasibətlərində son dövrlər nəzərə çarpacaq dərəcədə inkişaf gedir. Həmçinin, iqtisadi və siyasi əlaqələrin inkişafına da şahid oluruq. Düşünürəm ki, bütün bunlar münasibətlərin dinamikasından xəbər verən amillərdir. Bütün bu amillər təbii ki, Soçi görüşü ərəfəsində müsbət atmosfer yaradır. Hesab edirəm ki, bu müsbət atmosfer də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təsir imkanlarından, qismən də olsa, istifadə etməsinə zəmin yaradacaq”.

Politoloq bildirib ki, bütün hallarda baş verən prosesləri yaxından izləmək lazımdır:

“Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, istər cəmiyyətdə, istərsə də bütövlükdə siyasi ekspertlər arasında belə bir fikir var ki, Rusiya Qarabağ müstəvisində Ermənistanın indiki hakimiyyətinin öz postundan getməsi üçün İrəvana hansısa təzyiqlər göstərə bilər. Təbii ki, bu da münaqişənin tam həllinə xidmət etməyən faktdır. Münaqişənin tam həllinə nail olmadan da birdəfəlik tənzimlənmə mümkün deyil. Yəni Qarabağ münaqişəsi yarımçıq öz həllini tapa bilməz. Bu baxımdan problemin tam həlli üçün Rusiyanın mövqeyini açıq şəkildə ortaya qoyması vacibdir. Düşünürəm ki, bu görüşdən sonra rəsmi Moskva bu istiqamətdə lazımı addımlar ata bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Müzakirə Klubunun XVI toplantısı çərçivəsində Vladimir Putinlə bir araya gələcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir