Siyasət

“Artıq Ermənistan Qarabağ erməniləri ilə bağlı məsələni Azərbaycanın daxili işi sayır” – RƏY

Sharing is caring!

“Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən dördtərəfli görüş əslində postmüharibə reallığının Ermənistan və dünya birliyi tərəfindən, nəhayət, rəsmi qəbul edilməsi prosesinin başa çatdırılması kimi qiymətləndirilməlidir. Bu, strateji diplomatiyamızın mühüm nailiyyətlərindən biridir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, rəsmi İrəvan Brüssel formatının onlar üçün daha doğma olduğuna inanırdı:

“Bu formata Fransanın təsir imkanları daha çoxdur. Onlar elə bilirdilər, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fransız olması əlavə üstünlük yaradacaq. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdaşlarına böyük vədlər verərək Brüssel formatının bir qədər genişləndirilmiş formatı hesab olunan Praqa görüşünə getmişdi. Ancaq ortaya çıxan Praqa bəyanatı onların ümidlərini doğrultmadı. Çünki nəticə etibarı ilə bu bəyanat Azərbaycanın irəli sürdüyü beş baza prinsipinin qəbul edilməsi idi. Sənəddə beynəlxalq hüququn iki mühüm prinsipi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsas götürülüb. Hər iki ölkə bu prinsipləri qəbul edib”.

H.Babaoğlunun fikrincə, beləliklə, həm də həmin ərazilərdə dövlətlərin ali iradəsi qəbul edilib:

“Yəni Ermənistan Qarabağda Azərbaycanın ali hüquqlarını qəbul edir və orada yaşayan ermənilərin təhlükəsizlik və hüquq məsələsini Azərbaycanın daxili işi hesab edir. Yəni Ermənistan, nəhayət, Praqada bizim daxili işlərimizə qarışmaqdan əl çəkdi. Şübhəsiz ki, bu əsas məsələ növbəti sülh addımlarının da önünü açmış olur. Razılaşmaya əsasən, artıq sərhədlərin delimitasiyası və kommunikasiyalar üzrə işçi qrup öz fəaliyyətini bərpa etməklə sülh prosesində aktiv fazaya qədəm qoyacaq. Bu isə mümkün sülhü daha da tezləşdirə bilər”.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir